Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə bıçaqlayaraq ölümə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən H.Cəfərovun vəkilinin vəsatəti ilə davam edib. O, vəsatətində hadisə günü H.Cəfərovla birlikdə olan Özal Orduxanlının məhkəməyə gətirilərək, ifadə verməsini istəyib. Məhkəmə tərkibi bildirib ki, dəfələrlə sözügedən şəxsə çağırış göndərilməsinə, haqqında məcburi gətirilmə qərarı olmasına baxmayaraq onun məhkəmədə iştirakının təmin olunması mümkün olmayıb.
Məhkəmə Özal Orduxanlının ilkin istintaq zamanı alınan ifadəsinin elan olunmasına qərar verib. H.Cəfərovun vəkili ədalətli məhkəmə araşdırması baxımından bu qərarı doğru hesab etmədiyini bildirərək, etiraz edib. Məhkəmə etiraza baxılmamış saxlanılmasını bildirərək Ö. Orduxanlının ifadəsini elan edib:
"Mən mobil telefon və avadanlıqlarının satışı ilə məşğul olmuşam. Maddi durumum çox çətin idi. Qohumum Əhməd xarici ölkələrdən texniki, mobil avadanlıqlar gətirirdi.Öyrənmişdim ki, həmin avadanlıqları evinin qarajında saxlayır. Bir neçə gün evi gözətləyib müşahidə etdim. Həmin dövrdə o evdə təmir işləri gedirdi.
Hadisə günü Hüseynlə zəngləşib görüşdük. Taksi ilə Əhmədin evinin qarşısına gəldik. Hava qaralmışdı. Ətrafa xeyli baxıb kimsənin olmadığına əmin olduqdan sonra həyətə daxil olub qaraja doğru hərəkət etməyə başladıq. İçəri əvvəlcə mən, sonra Hüseyn girdi. Heç nə tapa bilmədik.
Qarajdan çıxıb getmək istəyirdik ki, elə bu vaxt bir kişi qışqırdı. Qaçmağa başladım. Həmin gün - noyabrın 19-u - ad günüm idi. Özümü evə çatdırdım, gördüm evdə qonaqlarımız toplaşıb. Hüseynə zəng etsəm də, götürmədi. Sonra Hüseynlə görüşəndə dedi ki, evdən qaçanda onu yaxalayan adamla əlbəyaxa olublar. Onun əlindəki bıçağı almaq istəyəndə bıçaq ona dəyib.
Sonra ikilikdə qərara gəldik ki, bu barədə susub heç yerdə danışmayaq. Bir gün bir məclisdə sərxoş olub fərqində olmadan o hadisəni ətrafımdakılara danışdım. Bundan sonra Natiqin şantajlarına məruz qaldım, susması üçün məndən pul qoparmağa başladı. Hadisə nəticəsində ölən Hənifə Namiqi əvvəllər tanımırdım".
Sonra təqsirləndirilən Hüseyn Cəfərov dövlət ittihamçısının suallarına cavab verib. O bildirib ki, Özal və Elnurla birlikdə oğurluq məqsədi ilə Əhmədin evinə gediblər:
"Oğurluq ideyası Özalın idi. Qərara almışdıq ki, oğurladıqlarımızı satıb əldə etdiyimiz qazancı aramızda bölək. Ora gedəndə üzərimizdə kəsici, deşici heç bir alət olmayıb. Hadisə vaxtı kimisə vurmamışam. Hadisədən sonra doğulduğum Naxçıvana gedib 15-20 gün orada qaldım".
Növbəti proses iyunun 16-sı saat 15:00-a təyin olunub.
Xatırladaq ki, Sabunçu rayon prokurorluğu və rayon polis idarəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 12 il əvvəl, 2014-cü il noyabrın 19-da 49 yaşlı Hənifə Namiqin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, keçirilən tədbirlərlə 36 yaşlı Azərbaycan vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Hüseyn Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.