“İdeal” saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Nazm Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Dövlət ittihamçısı Nazim Quliyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanıdılıb.
Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.