Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraciət edib.
Lent.az-a daxil olan müracətdə bildirilir ki, bildiyiniz kimi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır.
Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır.
Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edərək baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq riayət etmələrini xahiş edir.
Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı iki əlini sükandan buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq qırx manat məbləğində cərimə tətbiq edilir.