Salyan rayonunun iki sakini Ələt qəsəbəsində dənizdə boğulub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb.
Bildirilib ki, Salyan rayonunun Yenkənd kənd sakinləri – 35 yaşlı Ariz Əlihəsənov və qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Əlihəsənov dənizdə çimərkən boğulublar.
Ariz Əlihəsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yeniyetmənin batdığı ehtimal olunan ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər.
***
20:21
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.