Azərbaycanlı biznesmenə qarşı 1 milyardlıq İDDİA
26 dekabr 2025 09:23 (UTC +04:00)

Azərbaycanlı biznesmenə qarşı 1 milyardlıq İDDİA

0

Rusiya Baş Prokurorluğu “Sipayn rezort” tikinti şirkətinə qarşı 1 milyard rublun tutulması ilə bağlı iddia üzrə çıxarılmış qərarı Rusiya Ali Məhkəməsində mübahisələndirib. Nəzarət orqanı Tuapse rayonunda “Sipayn rezort” kurortunun tikintisi zamanı iri miqyaslı ekoloji zərərin aşkar edildiyini bildirib. 2024-cü ilin sonunda ziyanın ödənilməsi ilə bağlı iddia təmin olunsa da, tikinti şirkəti bu qərarın ləğvinə və işin yenidən baxılmasına nail olub. Baş Prokurorluq isə bu qərarla razılaşmayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, “beşulduzlu” “Sipayn rezort” kurortu layihəsi 2022-ci ildə Tuapse rayonu administrasiyasında razılaşdırılıb. Tikintiyə icazə Şahlar Novruzovun oğlu Sərxan Şahlar oğlu Novruzova verilib. Şahlar Novruzov “Tuapse dəniz kommersiya limanı” yükaşırma kompleksinin sahibidir. Daha sonra tikinti icazəsi “Sipayn rezort” MMC-yə ötürülüb. 2024-cü ildə prokurorluq müəyyən edib ki, tikinti işləri zamanı su mühafizə zonasında torpaq qatı məhv edilib, yaranan tullantılar isə Qara dənizə atılıb. Dəniz akvatoriyasının çirklənməsindən dəymiş zərər 320 milyon rubl, torpağın zədələnməsindən yaranan zərər isə 694 milyon rubl olaraq qiymətləndirilib.

Prokurorluq məhkəməyə müraciət edib və 2024-cü ilin dekabrında iddia təmin olunub. Lakin 2025-ci ilin avqustunda Dördüncü kassasiya məhkəməsi qərarı ləğv edərək işi yenidən baxılması üçün Tuapse Rayon Məhkəməsinə göndərib. Kassasiya instansiyası bunu Tuapse rayonu administrasiyasının prosesə iddiaçı qismində cəlb edilməməsi ilə əsaslandırıb.

Azərbaycan əsilli Şahlar Novruzov prokurorluğun iştirakı ilə başqa bir məhkəmə işində də cavabdeh olub. Nəzarət orqanı ona məxsus aktivlərin, o cümlədən “Tuapse dəniz kommersiya limanı” MMC-nin Rusiya Federasiyasının xeyrinə müsadirə edilməsi üçün iddia qaldırıb. Bu ilin noyabrında Krasnodar diyarının Arbitraj Məhkəməsi əmlakın konfiskasiyası barədə qərar çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar