İspaniyanın yeni kraliçası Letisiya Ortizə qayınanası, sabiq kraliça Sofiyadan bir çox dəyərli zinət əşyaları ötürülüb. Lent.az buro247.az-a istinadla kraliça Letisiyanın bir-birindən dəyərli yeni zinət əşyalarını təqdim edir:
"Fleur de Lys" tacı
"Fleur de Lys" tacı kral XIII Alfonsonun sevimli şahzadəsi Viktoriya Yevgeniyaya hədiyyəsidir. Möhtəşəm diadema 1906-cı ildə cütlüyün toyu münasibəti ilə xüsusi hazırlanıb. Kraliça Sofiya bu tacı Böyük Britaniya kraliçası Yelizavetanın şərəfinə verilmiş rəsmi ziyafətdə taxıb.
"Cartier" tacı
1920-ci ildə fransız zərgərlərinin Viktoriya Yevgeniyaya hazırladığı bu əsrarəngiz tac ar-deko stilindədir və brilyantlarla əhatələnən 7 mirvaridən ibarətdir. Hələ ki, tacı taxmaq iki nəfərə qismət olub - kraliça Viktoriya Yevgeniyaya və Sofiyaya.
Mirvari boyunbağı
Felipenin ulu babası - kral XII Alfonsonun birinci arvadı Mersedesə bağışladığı bu boyunbağı 41 mirvaridən ibarətdir. Boyunbağının çəkisi iki kiloqram olduğundan zərgərlər bəzi dəyişikliklər etməyə məcbur olublar; mərkəzdəki dörd iri armudabənzər mirvaridən ancaq biri saxlanılıb.
"La Chata" diademası
Kraliça II İzabel "La Chata" diademasını qızı şahzadə İzabel üçün fransız zərgər Melyerioya sifariş verib. Diademanı yaradarkən zərgər dənizdən, dalğaların ahəngindən ilhamlanıb. "La Chata" tacını kraliça Sofiya 1962-ci ildə, Letisiya isə 2007-ci ildə taxıb.
"Kraliça Mariya Kristina" diademası
Bu zinət əşyası XII Alfonsonun ikinci arvadı kraliça Mariya Kristinaya məxsus olub. Diadema ilk dəfə 1906-cı ildə təqdim olunub. 14 almaz və mirvarilərdən ibarət tacı kraliça Sofiya bu yaxınlarda - Norveçə rəsmi səfərində, həmçinin Səudiyyə Ərəbistanı kralı və Filippinin sabiq prezidenti ilə görüşə taxıb.
"Mellerio Floral" tacı
Tacın adından da göründüyü kimi, onu zərgər Melyerio hazırlayıb. Deyilənlərə görə, qızıl yarpaqlar və budaqlarla birləşdirilmiş 5 dəyərli çiçəkli diadema kraliça Letisiyanın sevimlisidir.
"Prus" diademası
Letisiyanın ikinci sevimli tacı isə 2004-cü ildə toyunda taxdığı prus diademasıdır. Alman zərgərlərin hazırladığı platin tac kraliça Sofiyanın kolleksiyasındakı ən dəyərli əşyalardan hesab olunur. Tac əvvəlcə onun nənəsinə aid olub, nənəsi isə onu toyunda II Vilhelmdən hədiyyə alıb.
"Princess" diademası
Kral XIII Alfonsonun "Fleur de Lys" diademasını sifariş verməsindən 100 il sonra ispan zərgərlər kraliça Letisiyaya tac hədiyyə etmək qərarına gəliblər. Bu əvəzsiz tac 450 xırda almazdan, 10 Avstraliya mirvarisindən və 3 minə yaxın başqa dəyərli daşlardan ibarətdir.