Sudan məhkəməsi 27 yaşlı hamilə qadın barəsində 100 şallaq cəzası və edam hökmü çıxarıb.
Lent.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə, Meriam Yehya İbrahim “dinini danmaqda və zinada” günahkar bilinib. Onun həyat yoldaşı, əlil olduğu üçün arabada gəzən xristian Daniel Wani isə deyib ki, əslində ittihamların heç bir əsası yoxdur.
Meriam 6 yaşında müsəlman atası öləndən sonra xristian anası tərəfindən xristian kimi böyüdülüb. Bu üzdən də indi xristianla ailə qurub. Xartum məhkəməsi isə onu xristian kimi yox, atası üzündən müsəlman kimi tanıyır. Müsəlman qadının isə xristianla kilsədə ailə qurub hamilə qalmasını məhkəmə zina olaraq qiymətləndirib, buna görə ona edam cəzası verib.
Meriam məhkəmədə özünün müsəlman deyil, xristian olduğunu bildirdiyi üçün isə ona əlavə olaraq, dini danmaq ittihamıyla 100 şallaq cəzası verilib.
Məhkəmə prosesi Meriamın qardaşı üzündən başlayıb. Meriamın qardaşı polisə müraciət edib ki, bacısı neçə ildir itkin düşübmüş və indi xristian kişiylə ailə qurmasından şikayətçidirlər.
Amnesty İnternational Meriam İbrahimi dini əqidəsinə həbsə olduğunu bəyan edib və bir sıra yerli hüquq müdafiə təşkilatları, o cümlədən Qərb dövlətlərinin səfirlikləri ilə birgə hamilə qadının cəzasının qaldırılması üçün hökumətə müraciət edib.
Ancaq daha öncə Sudanda olan təcrübəyə görə, hamilə və ya südəmər körpəsi olan anaların uşağını ya doğması, ya da südəmər uşağın süddən kəsilməsini gözləyir, sonra isə edamı icra edirlər.