Xamneyinin İran cəmiyyətini “xilas etmək planı”
Ötən gün İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyini əxlaq və “yeni islam mədəniyyəti” ilə bağlı çıxışı yayılıb.
Yazıda uzun-uzadı çeynənmiş sözlər təkrarlanıb. Bundan başqa, yenə Qərb mədəniyyəti hədəf alınıb.
O, bildirib ki, Qərb mədəniyyətinin “batini, şəhvətə bulaşmış, şəxsiyyətə və mənəviyyata zidd maddi həyat tərzidir”.
“Mən qabaqlar (50-60 il qabaq) Xorasanda bəzi mütəfəkkir, ağsaqqal şəxslərlə rastlaşırdım. Bu şəxslər İngilislərin tiryəki xüsusi formada xalq arasında yaymalarını xatırlayırdılar. Lakin bundan qabaq əhali tiryək çəkməyi və bu cür işləri ümumiyyətlə bacarmırdılar. Tədricən narkotik maddələrdən istifadə cəmiyyətdə yayıldı. Qərb mədəniyyəti belədir! Qərb mədəniyyəti təkcə təyyarə, rahat yaşayış vasitələri, texnika və sair bu kimi şeylərdən ibarət deyil. Bunlar qərb mədəniyyətinin zahiridir. Qərb mədəniyyətinin batini isə həmin şəxsiyyətə, mənəviyyata zidd, günaha və şəhvətə bulaşmış maddi həyat tərzidir. Yeni İslam mədəniyyətinə nail olmağın birinci şərti qərbə təqliddən çəkinməkdir. Təəssüflər olsun ki, uzun illər ərzində bir çox məsələlərdə təqlid etməyə öyrəşmişik. Mən geyim, məskən və digər məsələlərdə bir dəfəyə ümumi bir hərəkət etmək tərəfdarı deyiləm. Bu işlər tədricən yerinə yetirilməlidir. Həmçinin göstəriş və əmrlə görüləsi işlər deyil, mədəniyyət qurmağa ehtiyac var. Dediyim kimi bu işlər seçkin şəxslərin, mədəniyyət adamlarının öhdəsinə düşür” - deyə, o vurğulayıb.
Ancaq maraqlı burasıdır ki, kimsə Qərbin tör-töküntüsünü İran cəmiyyətinə zorla sırımır. Bu tör-töküntülərin cəmiyyətdə yayılmasına əsas səbəblərdən birinin insanların özünü ifadə azadlığının olmamasından irəli gəldiyi istisna deyil. Başqa sözlə, kimsə “cəmiyyətə bu, yaxşıdır, bu, pisdir” dərsi verib, yasaqları gücləndirəndə fərqli səhnə yaranır, cəmiyyət özü seçim edə bilmir. Qərbə və ya şərqə məxsusluğundan asılı olmayaraq, o, özü seçim edəndə tör-töküntülər də aparıcı ola bilmir.
İran İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni İran rejimini ittiham edib. O, bildirib ki, babası belə “qadınlara məcburi hicab geyindirilməni də səhv sayıb”.
Həsən Xomeyni hakimiyyəti tətbiq etdiyi bir sıra cəzaların keçərsiz olduğunu qeyd edərək, bildirib ki, proseslər belə davam edərsə, mövcud olan rejim çökəçək: “İranda xüsusilə peyk antenalarına tətbiq edilən, yasaqlar pozulub. Bütün evlərin damlarında çanaq antenaları var. Bütün qadınlara məcburi hicablı olma qaydası isə yarı başı açıqlığı doğurub”.
Onun sözlərinə görə, ictimai hadisələrlə bağlı məsələlərə hökm verərkən, özəlliklə gənclik yaşının qürur duyğusunu nəzərə almaq, diqqətli olmaq lazımdır.
Ancaq ölkədə baş verənlər İranda “yeni islam mədəniyyətinin” tətbiqinin də zorla gerçəkləşdirildiyini başladığını təsdiqləməkdədir.
Lent.az-ın “Amerikanın səsi”nə istinadən məlumatına görə, Şərqi Azərbaycan Ədliyyəsinin veb səhifəsində İran polis məmurları ötən günlərdə Təbriz yaxınlığında yerləşən Sufiyan şəhərində gənc qız və oğlanların birgə iştirak etdiyi qonaqlığın keçirildiyi villaya daxil olaraq, yallı oynayan 35 qonağı nəzarət altına alıblar.
Ədliyyə saytı saxlanılanların ilkin təhqiqat üçün Sufiyan məhkəmə qurumuna təslim edildiyi, tutulanlarla bağlı məhkəmə prosesinin başladığını və onların bəzilərinin Təbriz zindanına göndərildiyini qeyd edib.
Başqa bir örnək. Bu günlərdə İsfahanda qadının üzünə sulfat turşusu töküblər. Bu, ölkədə artıq 13-cü belə hadisədir. Bu cinayət motosikletçilər tərəfindən törədilir. Hicaba əməl etməyən və avtomobil sürən qadınlar qurbana çevrilir.
Hakimiyyət təmsilçisi buna qarşı mübarizə apardığını bildirsə də, həmin cinayətkarları özünün geriçi təbliğatı və hicabla bağlı yürütdüyü siyasətlə yetişdirib. İndi isə həmin insanların əlində guya aciz qalıb.
Hətta İsfahanını tanınmışı din xadimi höccətülislam Məhəmməd Taci Rəhbər deyib ki, qadınlar uyğun şəkildə, yəni hicaba uyğun olmayan qaydada geyinibsə, onların üzünə kimsənin sulfat turşusu atmaq haqqı yoxdur.
İrana baxıb ağzı sulananlara və “yeni islam mədəniyyətini” təbliğ edənlərin nəzərinə son zamanlar baş verən daha bir neçə hadisəni xatırlatmaq istəyirik.
Sentyabrın 30-da 26 yaşlı Reyhanə Cabbari barəsində çıxarılan ölüm hökmü icra olunacaq. O, ETTELAAT-ın keçmiş əməkdaşını öldürməkdə ittiham olunub.
Müttəhim isə həmin ETTELAAT-çının ona cinsi təcavüz etmək istədiyini israrla bildirib.
Reyhanə Cabbari İranda tətbiq edilən “qisas” (“gözə-göz”) qanuna əsasən cəzalandırılıb.
Sentyabrın 30-da onun anasına isə “feysbuk” vasitəsi ilə bildirib ki, həbsxanadan qızının cəsədini gedib, götürə bilər.
Beynəlxalq Əfv Təşkilatı 25 yaşlı britaniyalı-iranlı Qönçə Qəvamini azad etməyə çağırıb. O, İranda voleybol yarışlarına qadınların getməsinin qadağan edilməsinə etiraz edəndə tutulub.
İranda 1979-cu ildə islam inqilabından sonra qadınların futbol stadionlarına getməsi qadağan olunub.
2012-ci ildə İranın idman və gənclər nazirliyi bu qadağaya voleybol yarışlarını da əlavə edib.
İran rəsmiləri bildirib ki, stadionlarda qadınlarla kişilərin birlikdə olması ictimai maraq baxımından düzgün deyil və bu qadağa qadınların öz marağındadır.
Bu qadağa 2014-cü ilin iyununda yenidən aktuallaşıb. İyunun 13-də Voleybol üzrə Dünya Liqası yarışlarında İranla Braziliya Tehranda qarşılaşanda iranlı qadınları “Azadi” stadionuna buraxmayıblar, Braziliya qadınları isə oyunu izləmək üçün stadiona sərbəst keçiblər. İyunun 20-də İranla İtaliya qarşılaşanda Qəvami də daxil olmaqla bir yerdə onlarla qadın həmin stadionun qarşısında bu qadağaya etiraz aksiyası keçirib.
Müşahidəçi jurnalistlər bildirib ki, polis qadın etirazçıları döyərək, aksiyanı dağıdıb, bir neçə qadın həbs olunub.
İranda və xarici ölkələrdə yaşayan 300-ə yaxın ictimai-siyasi fəal İran prezidenti Həsən Ruhaniyə birgə açıq məktub yazaraq, 3 aya yaxındır Tehranın Evin zindanında saxlanan Qönçə Qəvaminin azadlığa buraxılmasını tələb edib.
Müraciətdə bildirilib: “Qadınların stadionlara və idman zallarına buraxılmasının tərəfdarı olan Qönçə Qəvami həmin tələbinə görə 3 aya yaxındır Tehranın Evin zindanında saxlanılır. O, 41 gün təkadamlıq kamerada yatıb. Qönçə Qəvami prezident seçkisində sizə dəstək verib. Britaniyada hüquq təhsili alan Qönçə Qəvami sizin xaricdə yaşayan iranlıları vətənə qayıtmağa təşviqinizdən, dəvətinizdən sonra ölkəyə qayıdıb.
Qönçə 50 günə yaxın valideynləri və digər ailə üzvləri ilə görüşməkdən məhrum edilib. Xəstə olmasına baxmayaraq, ona dava-dərman çatdırılmır, ona təzyiq göstərirlər ki, voleybol azarkeşləri kampaniyasını təşkilatlandırmaq yolu ilə sistemə qarşı təbliğat apardığı ittihamını boynuna alsın. Ona hətta vəkili ilə də görüş verilmir. Biz Qönçə Qəvaminin saxlandığı şəraitdən, ölkədə qanuna riayət edilməməyindən və vətəndaş hüquqlarının pozulmasından narahat olduğumuzu bildirərək onun azadlığa buraxılmasını tələb edirik”.
Xatırladaq ki, İranda qadınların futbol, güləş, voleybol və başqa idman yarışlarını yaxından izləmək üçün stadionlara, idman komplekslərinə daxil olması qadağandır.
İranda islamı tərk edərək xristianlığı qəbul edən gənc Məhəmməd Təslimi həbs edilib. ETTELAAT-ın İsfahan şöbəsinin əməkdaşları Məhəmməd Təslimini sentyabrın 1-də mənzilində tutub, bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, gənc xristiana məxsus kompüter, dini kitablar və bir sıra başqa şəxsi əşyaları götürülüb.
Son illərdə İranda islamdan xristianlığa keçdiyinə görə yüzlərlə şəxs tutulub və ya təzyiqlərə məruz qoyulub.
İranda rəqs klipinə çəkildiyinə görə məhkəməsi gedən gənclərə hökm oxunub.
Söhbət 4 oğlandan (Sasan Süleymani, Əfşin Söhrabi, Berdiya Muradi, Rəham Şamexi) və 3 qızdan (Reyhanə Təravəti, Neda Mötəmini və Sepidə) gedir.
Onlar amerikalı müğənni və reper Farel Vilyamsın “Happy” (“Xoşbəxtlik”) mahnısı əsasında klip hazırlayıb “Youtube” portalına yükləyiblər. Klipdə gənclər Qərb üslubunda oynayıblar. Onların geyimi də qərbsayağı olub, xanımlar klipdə hicabsız iştirak ediblər.
Gənclərin bu klipə görə tutulduğu mayın 20-də açıqlanıb. Gənclərdən 6 nəfəri iki gün saxlandıqdan sonra mülk girovu qarşılığında şərti azadlığa buraxılıb. Klipin rejissoru Sasan Süleymani isə mayın 30-da 17 min dollarlıq mülk girovu qoyaraq azadlığa çıxıb.
Tehran məhkəməsi gənclərə hökm oxuyarkən onların hər birini 3 il həbs cəzasına və 91 şallaq zərbəsinə məhkum edib.
Hökm şərtidir. Məhkəmənin qərarında bildirilib ki, gənclər bu 3 il müddətində başqa qanun pozuntusuna görə tutulsalar, onlar həm əvvəlki cəzanı (klipə görə aldıqları həbs və şallaq cəzalarını), həm də barələrində çıxarılacaq sonrakı cəzanı çəkməli olacaqlar…
Tehran hakimiyyəti qadağalarla yetişdirdiyi gəncliyin problemlərini həll edə bilmədiyindən, bu sahədəki çatışmazlıqları qərbin boynuna yıxmağa adət edib. Bu sayaq problemləri sosioloqlar “kompleks” adlandırır. Belə çıxır ki, Tehran hakimiyyəti kompleksli cəmiyyət yetişdirib. Cəmiyyətdə bir sıra cinayətlər də bu naqislikdən doğur.
Nəhayət, əgər bir cəmiyyət 36 il dar ağacından asılan insanları görür, bu səhnəni müşahidə etmək üçün səhər tezdən növbə tutursa, o cəmiyyətin vəziyyəti necə olar?...