Türkiyənin Anadolu bölgəsində yerləşən “Ərkilet” hava nəqliyyatı bazasında Hərbi Hava Qüvvələrinin tərkibinə birinci A 400 “Atlas” təyyarəsinin daxil edilməsinə həsr olunan tədbir keçirilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, tədbirdə ölkə prezidenti Abdullah Gül də iştirak edib.
“Biz mürəkkəb bölgədə yaşayırıq. Türkiyə hakimiyyəti ordumuzun potensialını artırmaq niyyətindədir. Biz istənilən təhlükəyə cavab verməyə hazır olmalıyıq”-deyə, tədbirdə çıxışı zamanı o, vurğulayıb.
O ,xatırladıb ki, bu ilin fevralında silahlı qüvvələr öncədən xəbərdarlıq sisteminə malik “AWACS” tipli yeni təyyarə alıb. Onun sözlərinə görə, NATO-ya üzv başqa dövlətlər kimi Türkiyə də “ağıllı hərbi texnologiya”nın inkişafına xüsusi diqqət ayırır.
Hərbi “Aerobus” eyni adlı şirkət tərəfindən hazırlanıb. Bu layihənin icrasında Almaniya, Britaniya, Türkiyə, Fransa, İtaliya, İspaniya, Belçika və Lüksemburqdan olan mütəxəssislər də cəlb edilib.
4 mühərrikli “Atlas” 37 ton yük götürə bilir. Saatda 780 km-lə uçur.