“Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 130 nəfərə çatıb.
APA-nın "Frans Press"ə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti kursantlardır.
Artıq yerli hüquq-mühafizə orqanlarının taliblərə qarşı xüsusi əməliyyatı başa çatıb. Əməliyyat nəticəsində 6 nəfər silahlı şəxs zərərsizləşdirilib.
*****
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölənlər arasında kursantlar, müəllimlər və təhlükəsizlik xidmətinin əməkdaşları var.
Taliblərin hücumu zamanı həmçinin 100-dən çox adamın yaralandığı bildirilir.
Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda məktəb binasının yanında polislərlə taliblər arasında atışma gedir.
....
“Taliban” silahlıları Pakistanın Peşavər şəhərində yüzlərlə tələbə və müəllimi girov götürüblər.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, ölkənin hüquq-mühafizə orqanları ən azı 6 silahlı şəxsin hərbi təmayüllü məktəbə daxil olduğunu bildiriblər.
Məktəbdə təxminən 500 tələbə və müəllimin olduğu söylənilir.
"Qəflətən atəş səsləri eşidildi, xaos yarandı, müəllimlər və şagirdlər qışqırmağa başladılar”, - deyə məktəb avtobusunun sürücüsü bildirib.
“Taliban” sözçüsü Məhəmməd Umar Xorasani isə taliblərin məktəbə daxil olduğunu təsdiqləsə də, onlara uşaqlara zərər yetirməmək barədə təlimat verildiyini bildirib. O qeyd edib ki, hədəfdə yalnız hərbi personaldır.
Son məlumatlara görə, hücum zamanı 12 nəfər ölüb, 40 nəfər yaralanıb.
***
11:49
"Taliban" Pakistanın Peşaver şəhərində məktəbdə 500 şagirdi girov götürüb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ordu və polis qüvvələri məktəbi mühasirəyə alıb. Ordu və terrorçular arasında toqquşma baş verib. Toqquşma nəticəsində 4 şagird ölüb, 30 nəfər yaralanıb.
Pakistan Müdafiə Nazirliyinin mətbuat xidməti şagirdlərin böyük hissəsinin təhlükəsiz şəraitdə arxa qapıdan çıxarıldığını bildirib.
Məktəbdən çıxarılan şagirdlər bir neçə şagird və müəllimin yaralandığını, bəzilərinin isə öldüyünü söyləyib.
Xilasetmə əməliyyatı davam edir.