Avropa İttifaqı Rusiya və Macarıstan arasında “Pakş” atom elektrik stansiyasının iki enerji blokunun tikintisinə dair imzalanmış müqaviləni bloklayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb. İcrasının dayandırılmasına qərar verilmiş kontraktın dəyəri 12 mlrd avro olub.
Qeyd edək ki, 2014-cü ildə Rusiya və Macarıstan arasında Pakş şəhərindəki atom elektrik stansiyası üçün 1200 MVt gücündə 2 nüvə reaktorunun birgə tikintisinə dair saziş imzalanıb. Tərəflər AES üçün nüvə yanacağının tədarükü məsələsi daxil olmaqla müvafiq sənədlər imzalayıb, lakin sonradan, kontraktın detallarının məxfi saxlanılması Aİ-də müəyyən şübhələr doğurub.
Aİ Rusiya yanacağının eksklüziv şəkildə Macarıstana tədarükünün əleyhinə çıxış edib. Aİ-də hesab edirlər ki, belə hal Macarıstanı Rusiyadan asılı vəziyyətə salacaq və Budapeşt Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina edəcək.