Rusiya Müdafiə Nazirliyi Rusiyaya məxsus hərbi helikopterin Gürcüstanın hava məkanını pozması barədə rəsmi Tiflisin etirazını təkzib edib. Bu barədə APA “TASS”a istinadən məlumat verir.
“Son sutka ərzində Rusiyaya məxsus hərbi helikopterlər Gürcüstan sərhədinə yaxın ərazilərdə heç bir uçuş həyata keçirməyib. Təsadüfi deyil ki, ittihamlar irəli sürən Gürcüstan Müdafiə Nazirliyinin nümayəndələri Gürcüstanın hava məkanının hansı yerdə pozulduğunu hələ də deyə bilməyiblər”, deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi general-mayor İqor Konaşenkov bildirib.
Konaşenkov gürcü həmkarlarına gələcəkdə bu cür bəyanatlar verməzdən əvvəl obyektiv nəzarətin, xüsusən də, radiolokasiya vasitələrin məlumatlarına əsaslanmağı tövsiyə edib.
Qeyd edək ki, Gürcüstan XİN son sutka ərzində ölkənin hava məkanının Rusiya helikopterləri tərəfindən iki dəfə (dekabrın 9-u axşam və dekabrın 10-u səhər saatlarında) pozulduğunu iddia edir.