Prezident Pekində Paytaxt Muzeyi və “Huawei” şirkətinində olub
10 dekabr 2015 10:14 (UTC +04:00)

Prezident Pekində Paytaxt Muzeyi və “Huawei” şirkətinində olub

 Çin Xalq Respublikasında (ÇXR) dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Paytaxt Muzeyi ilə tanış olub.

 

APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Paytaxt Muzeyi Pekində incəsənət mərkəzi kimi də məşhurdur. Çinin qədim tarixinin, mədəniyyətinin nümayiş etdirildiyi mühüm mərkəzlərdən olan bu muzey 1981-ci ildə yaradılıb və hazırda yerləşdiyi binaya 2006-cı ildə köçürülüb. Paytaxt Muzeyinin memarlıq-dizayn konsepsiyası insan və mədəniyyət irslərinin cəmiyyətə xidmət etməsinə əsaslanır, keçmişin və indiki dövrün, tarixin və müasirliyin, incəsənətin və təbiətin ahəngləşdirilmiş inteqrasiyasını əks etdirir.

 

Muzeydə Çin mədəniyyətinin müxtəlif dövrlərinə aid geniş kolleksiyalar nümayiş olunur. Bunların arasında Çin folkloruna, adət-ənənələrinə, həmçinin məişətinə aid eksponatlar maraq doğurur. Burada qədim farfor, bürünc, rəsm, heykəltəraşlıq nümunələrindən, bütpərəstlik abidələrindən ibarət böyük kolleksiya da var.

 

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, Paytaxt Muzeyində hazırda 200 mindən çox eksponat olsa da, kolleksiyanın yalnız kiçik bir hissəsi nümayiş etdirilir. Muzeyin incəsənət kolleksiyasının böyük hissəsi Pekində yerin altından tapılmış artefaktlardan ibarətdir.

 

Muzeydə üç əsas bölmə var. Burada sərgilənən eksponatlar əsasən keçmiş dövrün kolleksiyalarına aiddir. Bütün sərgilərdə tarixi irsə aid 5622 ekponat nümayiş etdirilir. Muzeyin zalları ən müasir texnologiya ilə təchiz edilib.

 

Dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub, sonda xatirə şəkli çəkdirilib.

 

Azərbaycan prezidenti “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində də olub.

 

Dövlət başçısına məlumat verilib ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada “Huawei”in gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.

 

Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir. Bundan əlavə, “Huawei”in 2020-ci il üçün strategiyaları barədə də mərkəzdə ətraflı informasiya təqdim olunur.

 

Burada “Huawei”in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradılıb.

 

Prezident İlham Əliyev “Huawei” şirkətinin Azərbaycanda gələcəkdə öz fəaliyyətini daha da genişləndirəcəyinə əminliyini ifadə edib.

 

Dövlət başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini deyib və yaxşı nəticələr əldə olunduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, “Huawei” şirkətini Bakıda təmsil edən çox gənc komanda var. Həmin şirkətdə həm yerli, həm də Çin mütəxəssisləri çalışır və onlar xalqlarımız arasında dostluq münasibətlərini daha da mökəmləndirirlər.

 

Şirkətin Azərbaycan nümayəndəliyinin əməkdaşları dövlət başısına ölkəmizdəki fəaliyyətləri və həyata keçirdikləri layihələr barədə məlumat veriblər.

 

Qeyd edək ki, “Huawei” Çində ən inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılan “Huawei” şirkətinin həlləri və məhsullarına naqilsiz, baza və nəqliyyat şəbəkələri avadanlıqları, şəbəkə cihazları, optik cihazlar, marşrutizatorlar, şəbəkə kommutatorları, tətbiqi proqramlar, aparat təminatı, terminallar və sair daxildir. Şirkət ildən-ilə öz uğurlarını artırır. Dünyada telekommunikasiya sahəsindəki yenilikləri öz fəaliyyətində tətbiq edən və bu sahəyə xüsusi töhfələrini verən “Huawei” 2006-cı ildə 3G daxil olmaqla yeni nəsil şəbəkələri seqmenti üzrə artım nümayiş etdirib. Elə buna görə də “Huawei” dünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab edilir. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. “Huawei”in 170 mindən artıq əməkdaşı var. Onlardan 76 mini tədqiqatla məşğuldur. Şirkətin dünyada böyük populyarlığa malik olan məhsul və xidmətləri 140-dan çox ölkədə tətbiq olunur. Bu şirkət hazırda dünyanın 50 ən böyük telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.

 

“Huawei” dünyada sosial layihələri ilə də məşhurdur. Şirkət müxtəlif ölkələrdə bir çox qurumlarla bağlı sosial layihələrin icrasında yaxından iştirak edib. “Huawei” bir çox transmilli şirkətlərə təhlükəsizlik xidmətləri də göstərir. Bir sözlə, “Huawei”in məhsulları böyük maraqla qarşılanır və bu məhsullara dünya bazarında güclü tələbat var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar