Aprelin 12-də NATO-nun saytında Rusiyaya münasibətdə «nöqtə qoyulur» sənədi yayılıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, sənəddə bildirilib: “Krıma hərbi təcavüz edilib, yarımadanın Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən referendum legitim deyil, Rusiyanı təcrid gözləyir, NATO şərqə doğru genişlənir”.
“Rusiyaya ittihamlar” adlı sənəddə daha sonra vurğulanıb: “Ukraynaya qarşı təcavüzü Rusiyanın beynəlxalq təcridinə, o cümlədən NATO ilə əməkdaşlığın tamamilə praktik olaraq dayandırılmasına səbəb olub. Rusiya əməllərini ört-basdır etmək üçün NATO-ya qarşı əsassız iddialar irəli sürüb. Bundan başqa Rusiya əsassız olaraq, Ukraynadakı hakimiyyətin legitimliyinə qarşı çıxır və bu ölkənin ərazisindəki hərbi hissələri ələ keçirmək məqsədi ilə silah tətbiq edib”.
Sənəddə Rusiyanın NATO-ya qarşı bir sıra iddialarına cavab verilib. NATO-nun şərqə doğru genişləndirilməsinin vacibliyi əsaslandırılıb.
Alyansın Liviya və Kosovodakı fəaliyyəti ilə bağlı Rusiyanın ittihamının əsassız olduğu, həmin ölkələrdə keçirilən hərbi əməliyyatların qanuniliyi vurğulanıb.