Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Rusiyadan qaz alınmasına münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, B. İvanişvili bu addımın atılmasında heç bir təhlükə görmədiyini qeyd edib. Onun sözlərinə görə, bu gün Rusiya qazı ilə Avropa təmin olunur. O, Gürcüstanın da Rusiyadan qaz almasında heç bir kriminal olmadığını bildirib: «Qazpromla aparılan indiki danışıqlarda xüsusi bir şey yoxdur, çünki çoxdandır ki, Gürcüstandan Rusiya qazı tranzit yolu ilə Ermənistana boru kəməri vasitəsilə ötürülür. Bu tranzitdən isə Gürcüstan üçün tranzit haqqı əvəzinə müəyyən miqdarda qaz verilir».
Bidzina İvanişvili sahibkarlara hansı ölkədən istəyirlərsə qaz alınmasında seçim imkanı verdiklərini bildirib. "Bu addımda mən mənfi bir şey görmürəm", deyə İvanişvili qeyd edib.
Azərbaycan qazının Rusiya qazından ucuz olmasına münasibət bildirən İvanişvili vurğulayıb ki, biznes həmişə öz xeyrini bilir və bu nöqteyi-nəzərdən hərəkət edəcək: “Əgər, idxal, ixrac prosesində gəlir yoxdursa və alınan qaz baha başa gəlirsə, belə olan təqdirdə sahibkar qazı almayacaq”.
Bidzina İvanişvili Azərbaycan tərəfinə, SOCAR şirkətinə minnətdarlığını bildirib: "Bizə elə etmək lazımdır ki, bazarda bir şirkət monopolist olmasın və müxtəlif şirkətlər olsun, bunda heç bir qəbahət yoxdur", deyə B. İvanişvili qeyd edib. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tərəfinin narahat olmasına heç bir səbəb yoxdur. "Mənim Azərbaycanla əsaslı əlaqələrim var və həm Gürcüstandakı, həm də Azərbaycandakı SOCAR rəhbərliyi ilə tanışam”, deyə İvanişvili bildirib.