Aprelin 25-də Skandinaviya mediası Norveç şirkətinə məxsus təyyarənin ələ keçirilməsi cəhdi haqda xəbər yayıb. Lent.az-ın “Azadlıq radiosu”na istinadən verdiyi məlumata görə, Kopenhagendən Osloya uçan təyyarə İsveçin Getebörq şəhəri yaxınlığında məcburi eniş edib. Xəbərə əsasən, sərnişinlərdən biri baqajında partlayıcı olduğunu bildirib, təyyarə enəndən sonra isə polisə təslim olub.
Aprelin 26-da İsveç polisi məlumat yayıb ki, həbs olunan şəxsin kimliyi müəyyənləşib, o, hadisə haqda istintaqa ətraflı ifadə verib. Polis həmin şəxsin adını çəkməsə də, bildirib ki, həmin şəxs əvvəllər də təyyarə qaçırmaq cəhdinə görə həbs olunub.
Azadlıq Radiosu müəyyən edib ki, söhbət vaxtilə Azərbaycan sakini olan Ruslan Musayevdən gedir. 1993-cü ildə Musayev ailəsi ilə birlikdə Tümendən Sankt-Peterburqa uçarkən təyyarənin ABŞ-a üz tutmasını tələb edib. Əl qumbaraları ilə təyyarəni partladacağını deyən Musayevin tələbi qismən yerinə yetirilib. Təyyarə əvvəl yanacaq doldurmaq üçün Tallində, sonra da Stokholm aeroportunda yerə enib. Burada İsveç polisinə təslim olan Musayev siyasi sığınacaq istəyib. Lakin həbs olunaraq Rusiyaya ekstradisiya edilib.