İstanbulda polis idarəsinə silahlı hücum edərkən öldürülən terrorçu qadının kimliyi bəlli olub. APA-nın Türkiyənin rəsmi "Anadolu" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, öldürülən terrorçu qadının Elif Sultan Kalsen olduğu müəyyən edilib. Məlumata görə, hücum zamanı o polis nəzarət məntəqəsinə iki əl qumbarası atıb. Onun üzərindən avtomat silah, tapança və partlayıcı qurğu götürülüb. Hücumda digər şəxslərin iştirak edib-etmədiyi araşdırılır. Qeyd edək ki, atışma zamanı yüngül güllə yarası almış iki polis əməkdaşı və mülki şəxs xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yanvarın 6-da İstanbulun Sultan Əhməd rayonunda Turizm Polis Şöbəsində qadın terrorçu-kamikadze özünü partladıb. Nəticədə terrorçu qadın və bir polis əməkdaşı ölüb, daha bir asayiş keşikçisi isə yaralanıb.
Hadisədən sonra partlayışı törədən qadının Kocaeli Universitetinin tələbəsi Elif Sultan Kalsen olduğu bildirilmişdi. Lakin sonradan partlayış törədən qadının Rusiya vətəndaşı çeçen əsilli Diana Ramazanova olduğunu məlum olmuşdu.
Qeyd edək k, Elif Sultan Kalsen daha öncə Türkiyə xüsusi xidmət qurumları tərəfindən “canlı bomba” siyahısına daxil edilmişdi.
****20.56
İstanbulun Vətən prospektində yerləşən polis idarəsinə silahlı hücum törədilib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, atışma zamanı hücum edənlərdən bir nəfər öldürülüb. Məlumata görə, idarəyə yaxınlaşan bir qadın və iki kişi binanın girişindəki nəzarət məntəqəsində olan təhlükəsizlik əməkdaşlarına atəş açıblar. Təhlükəsizlik əməkdaşlarının açdığı cavab atəşi nəticəsində hücumda iştirak edən qadın məhv edilib, digər iki terrorçu isə hadisə yerindən qaçıb. Atışma zamanı bir polis əməkdaşının yaralandığı bildirilir.
Hazırda hadisə yerinə aparan yollar nəzarətə götürülüb. Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub.
İstanbul valisi Vasip Şahin hücumun bir qadın və iki kişi tərəfindən təsdiqləyib. Onun sözlərinə görə, atışma nəticəsində üzərində partlayıcı qurğu və silah olan terrorçu qadın öldürülüb: “Digər silahlılar yaralanaraq hadisə yerindən qaçıb. Atışma zamanı bir polis yüngül yaralanıb”.