Türk əsri reallığı
22 avqust 2013 06:34 (UTC +04:00)

Türk əsri reallığı

Tarix, dil, mədəniyyət birliyinə dayanan Türk Birliyi ideyası, Türk Dünyasının inteqrasiyası bugünümüz üçün daha aktualdır. Xüsusilə də qloballaşma dövründə dövlətlərin üzləşdiyi problemlərin təkbaşına həllinin mümkünsüzlüyünün dərk olunması kollektiv fəaliyyət və çevik addımlar tələb edən mürəkkəb problemlərin həllində birlik ideyasını daha da aktuallaşdırır.  Soykökünü, milli kimliyini dərk edən hər bir Türk dövləti üçün Türk birliyi ideyası reallaşan bir ideyaya çevrilmişdir. Türk Birliyi ideyası SSRİ-nin çökməsindən sonra xüsusi bir vüsət almış, ortaq dəyərləri, soykökü, tarixi paylaşan türkdilli dövlətlərarası əlaqələr daha da genişlənmişdir.

Türk Birliyinin real şəkildə formalaşması üçün atılan ilk addım 2010-cu ildə Türk Dövlət Başçılarının Zirvə Sammitində Prezidentlərin qərarı ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurası adlı təşkilatın qurulması oldu. İrəli sürülən əsas məsələlər Qurumun təşkilatlanması, təsir imkanlarının artırılması, ilk addımda regional təşkilata çevrilməsi, sonradan qlobal siyasi proseslərə təsir etmək imkanı əldə etməsi idi. 3 illik qısa fəaliyyət müddətinə baxmayaraq Təşkilat ortaq mədəniyyət, ənənələr, maddi və mənəvi dəyərləri əhatə etməklə türkdilli xalqların tarixi köklərini qorumaqda və təbliğ etməkdə əvəzolunmaz rol oynamışdır. Ən vacib məqam isə türkdilli dövlətlər arasında əməkdaşlıq yaradılmasında Təşkilatın xüsusi çəkiyə malik olmasıdır.

Avqustun 16-da Qəbələ şəhərində reallaşan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın, strateji tərəfdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.  Zirvə toplantısı türkdilli ölkələr arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmlənməsində, təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmasında xüsusi önəm kəsb edir.

Zirvə toplantısında qarşılıqlı fikir mübadiləsi, çoxtərəfli danışıqların yekununda əldə olunan nəticələri aşağıdakı kimi vurğulamaq olar:

  • Türk Şurasının nüfuzunun daha da yüksəldilməsi, onun bir təşkilat kimi institusional əsasının formalaşması üçünçoxşaxəli fəaliyyət planının həyata keçirilməsi;
  • Təşkilat üzvləri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması;
  • Türk Şurasının üzvü olan dövlətlər arasında nəqliyyat və kommunikasiyaların inkişafına diqqət yetirilməsi;
  • Ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə dəstək verilməsi;
  • Dövlətlər arasında turizm sektorunda birgə fəaliyyətin həyata keçirilməsi;
  • informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı təkliflər;
  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının birləşməsi
  • Təhsil, elm və mədəniyyət sahələrində qardaş ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi.

Zirvə toplantısının Qəbələdə təşkil olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşən və gözəlləşən Azərbaycanın bütün bölgələrində təmin olunan inkişafının  əsas göstəricisi oldu. Eyni zamanda Türk Şurasının qurucu anlaşmasının imzalandığı türk torpağında toplantının keçirilməsi türkdilli dövlətlərin birliyi və əməkdaşlığı amalına Azərbaycanın sadiqliyinin nümunəsi idi. Tədbir Əməkdaşlıq Şurasına üzvlüyün Azərbaycana verilməsi baxımından da əlamətdar səciyyə kəsb edirdi. Zirvə görüşü türkdilli dövlətlərarası əməkdaşlığın daha da artması və çox ciddi layihələrin icra edilməsinə töhfələr verəcəkdir. Həmçinin Zirvə görüşü bir daha sübut etdi ki, Prezident İlham Əliyevin ifadə etdiyi “XXI əsrin türk əsri olacağı” məfhumunun doğrulması türkdilli dövlətlər arasında əməkdaşlığın səviyyəsindən asılıdır. Bu məsuliyyətli, eyni zamanda şərəfli vəzifəni layiqincə yerinə yetirmək üçün Təşkilat  “Türk Birliyini daha da möhkəmləndirmək” şüarı altında qədimdən gələn ortaq dəyər, tarix, mədəniyyət, dil bağlılığını gələcəyə istiqamətlənmiş strategiyanın təməlinə qoymalı, türk milli şüurunun göstəricisinə çevirməlidir.

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Oxşar yazılar