İranda hakimiyyətin başında duranların və ölkənin ayrı - ayrı məmurlarının gəlirləri haqda indiyə kimi ölkə ictimaiyyətinə məlumat verilməyib. Maliyyə sahəsində şəffaflıq bir qayda olaraq, göstərilməyib.
Bu isə ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyidən tutmuş adi məmurun var-dövləti haqda çeşidli xəbərlərin yayılmasına səbəb olub. Tehran hakimiyyəti özünü xalqa daha yaxın göstərmək üçün gəlirləri və sərvətləri ilə bağlı məlumat verməklə şəffaf olduğunu da nümayiş etdirməyə çalışır.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, həftənin sonunda İran Məsləhət Şurasının toplantısı keçirilib. Qurum ölkə rəhbərləri və başqa yüksək vəzifəli rəsmilərin sərvətinin yoxlanılmasına dair layihəni təsdiqləyib.
Bu qurumun başçısı ölkənin keçmiş prezidenti Haşimi –Rəfsəncanidir.
Layihəyə əsasən, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi, ölkə prezidenti və onun müavinləri, nazirlər və müavinləri, Konstitusiyaya Nəzarət Şurasının üzvləri, Dini Eskpertlər Şurasının (həm də ali rəhbəri seçən qurum) üzvləri, ölkənin baş prokuroru, Ali Milli Təhlükəsizlik Şurasının katibi, Məsləhət Şurasının başçısı,xarici ölkələrdəki səfirləri, İran bank sisteminin rəsmiləri və başqa rəsmilərin tutduqları vəzifədən əvvəlki və sonrakı dövrlərdə özlərinin, ailə üzvlərinin ümumi sərvət, varidatı haqda hesabat hazırlamalı, İran Məhkəmə Sistemi rəisinə təqdim etməlidir.
Xatırladaq ki, rəsmilərin sərvətinin yoxlanılması ilə bağlı belə bir layihə haqda məsələ ilk dəfə 2005-ci ildə ölkə parlamentində qaldırılsa da, Nəzarət Şurasının iradlarına görə ləngimiş, sonunda isə 2011-ci ilin aprelində baxılması üçün Məsləhət Şurasına göndərilmişdi.
İran Konstitusiyasının 142-ci bəndinə əsasən, ölkənin ali rəbərin,prezident və müavinlərinin, nazirlər və müavinlərinin, eləcə də digər rəsmilərin və onların ailə üzvləri və övladlarının sərvətini (tutduqları vəzifədən əvvəl və vəzifəyə keçəndən sonrakı dövrdə) İran Məhkəmə Sistemi rəisi araşdırmalıdır.