İran parlamenti ailənin planlaşdırılması ilə bağlı qanuna yenidən baxmaq niyyətindədir.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, hakimiyyətin məqsədi əhalinin sayının artmasıdır.
Parlamentin abortu yasaqlayan qanun qəbul edəcəyi ehtimal olunur.
1979-cu il inqilabından sonra ayətullah Xomeyni iranlıları daha çox uşaq dünyaya gətirməyə çağırırdı.
Bir müddət sonra Tehran əhalinin sayının artmasının ölkə iqtisadiyyatına zərbə vuracağından ehtiyatlanaraq, doğumu məhdudlaşdırmağa çalışdı. Ona görə də aborta icazə verildi, qoruyucu vasitələr pulsuz paylandı.
2013-cü ilin oktyabrında isə İslam Respublikasının ali rəhbəri, 74 yaşlı ayətullah Seyid Əli Xamneyi əhalinin sayının azalmasının islam dəyərlərinə uyğun olmadığını bildirmişdi: “Doğmamaq üçün bəziləri nədən çeşidli vasitələrdən istifadə edir? Bunu araşdırmaq lazımdır”.
Ancaq bir çoxları hesab edir ki, ölkədə doğumun azalmasının səbəbi ailə planlaması siyasəti deyil, bu, gənc iranlıların həyat şəraitinin ağırlığı ilə bağlıdır.
Xatırladaq ki, İranın əhalisi 77 milyon nəfərdir.