Tacikistanın şimalında yeni şəhərin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Tacikistan prezidenti İmaməli Rəhman iştirak edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, dövlət başçısının mətbuat xidməti yeni şəhərdə məskunlaşacaq əhalinin ümumi sayının 250 min nəfərə çatacağını bildirib.
İmaməli Rəhman yeni şəhərə Sırdərya çayının qədim adını - “Sayhun” verilməsini təklif edib.
Tacikistan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Sayhun ölkə ərazisində salınmış ilk yeni şəhər olacaq.
Şəhərdə 9 və 12 mərtəbəli yaşayış binalarından ibarət 19 mikrorayon, həmçinin 17 ümumtəhsil məktəb, 31 uşaq bağçası, 140 ticarət mərkəzi, 40 idman kompleksi, terminal və bazarların olacağı gözlənilir. İrimiqyaslı tikinti işləri çərçivəsində 50 minədək yeni iş yerinin açılması gözlənilir.