Göksəl Qayğısız: “Azərbaycanlılar Türkiyəyə Qarsdan yayılıblar”
13 may 2014 18:58 (UTC +04:00)

Göksəl Qayğısız: “Azərbaycanlılar Türkiyəyə Qarsdan yayılıblar”

“Qarsda Azərbaycan milli rəqslərini yüksək səviyyədə ifa edə bilməyən bir soydaşımız belə yoxdur”
 
“Qarsdan Azərbaycana 100 ilin həsrəti ilə salam göndərirəm. Biz keçmişimizlə bütünləşmişik, keçmişimizə hər zaman hörmət bəsləmişik. Qars tam bir Azərbaycan torpağıdır. Biz Azərbaycanda eyni mədəniyyəti yaşamış, adət-ənənələrimizi buraya daşımışıq. Və burada da eyni kültürü, Azərbaycan kültürünü yaşatmaqdayıq”. Bu fikirləri APA TV-nin Qarsda hazırladığı “Panoram” verilişinin qonağı olan Qars-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Göksəl Qayğısız deyib.
 
O, Qarsda yaşayan soydaşlarımızın Azərbaycan mədəniyyətindən heç zaman uzaqlaşmadığını vurğulayıb: “Əvvəllər Azərbaycanla bağlı ürəyimizdə bir nisgil vardı. İndi o nisgil aradan qalxıb. Nə zaman arzu etsək, Azərbaycana gedə bilirik, oradakı qardaşlarımız nə zaman arzu etsələr, Qarsa gəlirlər. Bu, eyni zamanda ortaq mədəniyyətimizin inkişafını təmin edir. Bu dərnəyi yaratmaqda məqsədimiz Türkiyədə bir sülh elçisi rolunu oynamaq, mədəniyyətimizin nə qədər zəngin olduğunu bütün Türkiyəyə anlatmaqdır”.
 
Göksəl Qayğısız ötən əsrin əvvəllərində Gəncədən Qarsa köç etmiş Səttar Güldürün burada Azərbaycan teatr sənətini yaşatmaq istiqamətində gördüyü işlərdən danışıb. Dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” və “Ol olmasın, bu olsun” tamaşalarının 1920-ci ildə Azərbaycanın bir çox şəhərlərindən belə əvvəl Qarsda səhnəyə qoyulduğunu deyən dərnək başqanı bu işi görən Səttar Güldürü Qars insanı üçün çox böyük dəyər adlandırıb: “Səttar Güldür Azərbaycan mədəniyyətini, Azərbaycan teatrını Qarsa gətirmiş böyük dəyərimizdir. 1905-ci ildə Gəncədən Qarsa köçmüş Səttar Güldür 1920-53-cü illərdə burada teatr sənətini inkişaf etdirdi. O, Qarsı pianoların ifa olunduğu bir şəhərə çevirib. Həvəskar bir truppa ilə “O olmasın bu olsun”, “Arşın mal alan” əsərlərini səhnələşdirərək Azərbaycan mədəniyyətini anlatmışdır. Dərnəyimizin bir fəaliyyət istiqaməti olaraq “O olmasın, bu olsun” tamaşasını Səttar Güldürün xatirəsinə Qarsda bir daha səhnəyə qoyduq. Səttar əminin Qarsdan kənarda yaşayan qızlarını da bura dəvət etdik, gəldilər. Əgər biz kökümüzdə olan Azərbaycan mədəniyyətini bu cür fəaliyyətlərlə övladlarımıza anlada biliriksə, deməli heç zaman mədəniyyətimizdən uzaqlaşmayacağıq”.
 
Göksəl Qayğısız Qarsda Azərbaycan milli rəqslərinin ən yüksək səviyyədə ifa olunduğunu deyib: “Burada milli rəqslərimizi ən yüksək səviyyədə ifa edə bilməyən bir soydaşımız belə yoxdur. Həm də rəqslərimizi təkcə azərbaycanlılar ifa etmirlər. Atalarımız bura elə bir kültür gətirib ki, etnik baxımdan çox müxtəlif olan bu şəhərdə hər millət bu rəqsləri ifa edib. Hər millət öz toyunu bizim musiqilərimizlə keçiriblər. Toylarımızda bu günə kimi də Azərbaycan musiqiləri ifa olunur. Bu coğrafiyada yaşayan azərbaycanlı, kürd, ələvi, tərəkəmə, yerli, hətta laz belə bu musiqi ilə yaşayıb. Bu kültürə bağlılıq Azərbaycan mədəniyyətinin zənginliyindən irəli gəlir. Zatən mədəniyyətimiz zəngin olmasaydı, o mədəniyyəti burada yaşatmaq şansımız olmazdı. Məsələn, on minlərlə insana Azərbaycan rəqslərini öyrətmiş Şahvələd Gənclər Qarsda bizim çox böyük dəyərimizdir. Şahvələd Gənclər on minlərlə qarslıya deyil, bütün Türkiyəyə Qafqaz folklorunu anlatdı. Bütün Türkiyəyə bu mədəniyyəti nümayiş etdirdi. Şahvələt on minlərlə deyil, yüz minlərlə insana bu kültürü göstərdi və zənginliyimizin nə qədər böyük olduğunu anlatdı. Mədəniyyətimiz o qədər böyükdür ki, bunu unutmağımız, qaldırıb bir kənara qoymağımız mümkün deyil. Azərbaycana olan sevgimizi, məhəbbətimizi qəlbimizdə yaşadan məhz bu mədəniyyətdir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən bir ricam var. Azərbaycan mədəniyyətini daha zəngin formada təqdim etmək üçün ən müxtəlif mədəniyyət nümunələrinin Qarsda nümayişi lazımdır. Tanışlıq proqramları, qarşılıqlı səyahətlər təşkil etmək lazımdır. Biz Azərbaycanın zəngin mədəniyyətini ən yüksək formada buradakı insanlara anlada bilməsək, buranın zənginliyini Azərbaycandakı insanlarımıza anlada bilməsək, bu işin heç bir anlamı qalmaz. Bu səbəbdən Azərbaycandan bir teatrın Türkiyəyə gəlməsi və qastrola Qarsdan başlaması böyük bir hadisə olardı. Niyə məhz Qarsdan? Çünki azərbaycanlılar Türkiyəyə Qarsdan yayılıblar. Və Qars bu gün bir azərbaycanlı şəhəri olaraq tanınır”.
 
Göksəl Qayğısız zaman keçdikcə mədəni dəyərlərimizin aşınması kimi proseslərin müşahidə olunduğunu deyib: “Buna səbəb musiqimizi, rəqslərimizi düzgün şəkildə yaşadan və təbliğ edən dəyərli müəllimlərimizin zaman keçdikcə Qarsdan köçməsidir. Azərbaycan musiqisini son dərəcə mükəmməl şəkildə bilən dəyərli müəllimlərimiz var. Onların dəstəyi ilə Qarsda bir incəsənət evinin açılması yaxşı olardı. Bu incəsənət evində musiqilərimizi, musiqi alətlərimizi, kültürümüzü daha yaxşı formada təbliğ edəcək mühitin yaradılması bizim əsas məqsədlərimizdən biridir. Allah nəsib etsə, bu fəaliyyətimizi daha da genişləndirəcəyik. Təbii ki, imkanlarımız çərçivəsində müəyyən işlər görürük, amma bu fəaliyyəti daha da genişləndirmək lazımdır”.
 
Dərnək başqanı deyib ki, Qarsda ən böyük problem burada yaşayan köklü azərbaycanlı ailələrin kütləvi şəkildə şəhərdən köçməsidir: “Qarsda yaşayan azərbaycanlılar son dərəcə mədəni və təhsillidirlər. Azərbaycan kökənli insanlar həm də böyük sərmayəyə sahibdir. Sahib olduqları sərmayəni müəyyən həddə çatdırdıqdan sonra fəaliyyət göstərmək üçün Qars onlara darlıq edir. İnsanımız o kapitaldan lazımınca istifadə edə bilmir. Belə olan təqdirdə yeganə əlacı köç etməyə qalır. Bu işin sərmayə tərəfidir. Bir də mədəni zənginlikdən qaynaqlanan bir cəsarət onu köç etməyə sövq edir. Qarsdan başqa şəhərlərə köçmüş, dövlət strukturlarında ən yüksək vəzifələrdə təmsil olunan yerlilərimiz var. Millət vəkillərimiz var, nazirlərimiz var. Bu köçə səbəb də soydaşlarımızın yüksək təhsil almasıdır. Bunun qarşısını axı necə almaq olar? Məsələn, mənim üç övladım var, ikisi Ankarada oxuyur. Universiteti bitirdikdən sonra onları bura qaytarmaq şansım yoxdur. Amma bu faktorlara rəğmən Qarsda bu zənginliyi yaşada bilmək, bu köçün qarşısını almaq üçün Azərbaycanın da önəmli bir dəstəyi olmalıdır. Qarsda Heydər Əliyevin adını daşıyan bir məktəbin inşa edilərək istifadəyə verilməsi bizləri çox sevindirib. Bu kimi fəaliyyətlər istər-istəməz insanımızı Qarsa bağlayar. Çünki, “bu, bizim özümüzünküdür” deyə bilmək imkanı qazanırıq. O baxımdan əsas təmənnamız Azərbaycanın da buraya daha isti münasibət bəsləməsidir”.
 
Göksəl Qayğısızın sözlərinə görə, Qarsda yaşayan azərbaycanlıların Azərbaycandan əsas gözləntilərindən biri ölkəmizin bu şəhərin mərkəzində möhtəşəm bir park salınmasına yardım göstərməsidir: “Qarsda möhtəşəm bir Heydər Əliuyev parkının olması çox gözəl olardı. Azərbaycanın ən çox sərmayə yatırdığı sahələrdən biri park və istirahət zonalarının yaradılmasıdır. Qarslılar da Azərbaycana gedib-gələrkən bu parkları görüb bəyənirlər. Belə bir parkın Qarsda salınması Azərbaycanın adına gözəl işlərdən biri ola bilərdi. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı Qarsda həm ticarətin, həm də turizmin inkişafına müsbət təsir göstərəcək. Park salınan zaman da belə bir proses başlayacaq. İnsanlar görüşmək üçün yer müəyyənləşdirəcəklər. “Harada görüşək?” Heydər Əliyev parkında. Bu, həm də o adı ömür boyu yaşatmağımız və burada o izləri sala bilməyimiz üçün çox önəmlidir. Bu baxımdan Qarsda görülməli olunan işlərdən biri də budur”.
 
Dərnək başqanı Azərbaycanın Qarsdakı Baş Konsulluğunun mədəniyyətimizin təbliğatı istiqamətində görülən işlərə dəstəyindən danışıb: “Qarsda mədəniyyətimizin daha da inkişaf etməsinin səbəblərindən biri burada Azərbaycanın Baş Konsulluğunun fəaliyyət göstərməsidir. Konsulluğun bu şəhərdə olması da bizim üçün böyük bir sevincdir. Biz mədəniyyət sahəsində gördüyümüz işləri zaman-zaman konsulluğumuzla koordinasiya edirik. Konsulluq hər zaman bizə dəstək verir, biz də görə biləcəyimiz işləri konsulluğumuzla bölüşürük. Müzakirələr zamanı gözəl layihələr də ortaya çıxır. Biz Azərbaycandan bura kimi daşıyıb gətirdiyimiz Novruz bayramımızı, Novruz adət-ənənələrimizi hələ də yaşadırıq. Novruz – sülhün, sevginin, qardaşlığın ortaya çıxardığı bir bayramdır. Biz bu bayramı da burada həm yaşayır, həm də yaşadırıq. Konsulluğumuzun dəstəyi ilə Bakıda bura 27 nəfərdən ibarət bir qrup gətirdik, burada çox gözəl Novruz şənliyi keçirdik”.
 
Göksəl Qayğısız Qarsın erməni şəhəri kimi təqdim olunması cəhdlərinin artıq puça çıxdığını söyləyib: “Biz zamanlar Qarsı erməni şəhəri kimi göstərmək istəyən bir zümrə ortaya çıxdı. Amma inanın ki, bu xalq bu yanaşmanı zərrə qədər qəbul etmədi.  Bu xalq Qarsın bir türk şəhəri olduğunu, bir erməni şəhəri olmadığını bu cəmiyyətə anlatdı. Önəmli olan bu mesajlı vermək idi. Ermənilər bir çox musiqilərimizi öz adlarına çıxmağa cəhd etsələr belə, musiqi sənətini dərindən bilən insanlar, yəni bizlər ermənilərin bu musiqiləri mənimsədiklərini və Qarsı fərqli şəkildə təqdim etmək istədiklərini cəmiyyətə bacardığımız qədər anlatmağa çalışırıq. Bu məsələ bizim üçün də çox önəmlidir. Qarsın erməni şəhəri kimi təqdim olunması bizlərin qəlbində nə qədər yara açırsa, sizləri də bir o qədər ağrıdır. Amma dərnəyimizin mədəniyyət sahəsində təbliğati işləri sayəsində biz bu zümrənin öz niyyətini həyata keçirməsinə imkan vermədik. Hətta mətbuatda “Qarsda türk-erməni dostluğunu tərənnüm edən heykəlin sökülməsinin səbəbkarı  burada yaşayan azərbaycanlılardır” deyə məlumatlar yayıldı. Təbii ki, bu hadisə də burada yaşayan millətimizin apardığı mübarizənin nəticəsi idi”.
 
Dərnək başqanı Türkiyədə Azərbaycan mahnılarının anonim oxunması məsələsinə də toxunub: “Azərbaycan mahnılarının Türkiyədə anonim oxunması bizim də qəlbimizi ağrıdır. Sizin keçirdiyiniz hissləri biz də yaşayırıq. Bu mahnıların anonim oxunmasının səbəbi bizlərin bu mahnılara sahib çıxmamağımızdır. Bu problemi Mədəniyyət Nazirliyi səviyyəsində həll etmək lazımdır. Bu iş bizim etiraz etməyimizlə həll olunmur. Təbii ki biz etirazımızı bildiririk, bu işi ən yüksək səviyyədə həll etmək lazımdır. Biz haqq səsimizi dəfələrlə qaldırmışıq. Düşünürəm ki, Azərbaycan mahnılarının anonim ifa olunmasına qarşı mübarizə aparmaq bundan sonra da üzərimizə düşən əsas vəzifələrdən biri olmalıdır”.
 
Göksəl Qayğısız Qarsda yaşayan hər bir soydaşımızın Azərbaycanı özünə Vətən saydığını deyib: “Bizim könlümüz Azərbaycanla birdir. Azərbaycan adı gələndə qəlbimiz titrəyir. Eyni hissləri sizlərin də keçirdiyinizə canı-könüldən əminik. Bu səbəbdən növbəti mərhələdə görəcəyimiz əsas işlərdən biri xalq diplomatiyasını genişləndirmək olmalıdır. APA TV də bu baxımdan önəmli bir elçidir, çünki səsimizi Azərbaycana duyurursunuz”. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544
avatar

Oxşar yazılar