Dünya futbol ulduzları sülh üçün meydana çıxıb. Lent.az-ın dünya mediasına istinadən verdiyi xəbərə görə, Roma papası Fransiskin istəyi ilə baş tutan Sülh üçün Dinlərarası Dialoq futbol matçı 1 Sentyabr Dünya Sülh Günündə Roma olimpiya stadionunda keçirilib.
İtaliyanın “İnter” klubunun vitse-prezidenti və keçmiş kapitanı Xavyer Zanettinin xeyriyyə fondunun təşkil etdiyi matçı təxminən 20 min azarkeş izləyib.
Oyunun ideya müəllifi papa Fransisk stadiona gəlməsə də, video müraciətlə iştirakçılara müraciət edərək oyunun baş tutmasından məmnunluğunu ifadə edib.
Papanın çıxışından sonra meydanın kənarında hazırlanan saxsı qaba zeytun ağacı əkilib. Sülhün simvolu olan zeytun ağacının saxsı qaba əkilməsi zamanı İtaliyadakı 3 səmavi dinin nümayəndələri saxsıya torpaq atıb.
Meydana 50 futbolçu çıxıb. Argentinalı Dieqo Maradona və Dieqo Simeone, italiyalı Roberto Baccio, Françesko Toldo və Alessandro Del Pyero, kolumbiyalı Karlos Valderrama, ukraynalı Andrey Şevçenko, “Qalatasaray”-ın uruqvaylı qapıçısı Fernando Muslera və türkiyəli futbolçu Əmrə Bəlözoğlu da oyunda forma geyinib.
Argentina yığmasının baş məşqçisi Xerardo Martino “PUPI”, “Arsenal”-ın baş məşqçisi Arsen Venger isə “Scholas” komandasına rəhbərlik edib.
Oyunu 6-3 hesabı ilə “PUPI” komandası qazanıb.