APA-nın “Guneynews”a istinadən verdiyi məlumata görə, mayın 1-də Vasai şəhərində baş tutan piket hazırda İranın müxtəlif həbsxanalarında aclıq aksiyası keçirən Yürüş Mehrəlibəyli (Ayət), Behnam Şeyxi və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi daşıyıb. Aksiya iştirakçıları əllərində Səid Mətinpur, Yürüş Mehrəlibəyli, Behnam Şeyxi və digər azərbaycanlı siyasi məhbusların plakatlarını tutaraq İran əleyhinə şüarlar səsləndirib və yerli ictimaiyyətə İran həbsxanalarında ağır şəraitdə saxlanılan, işgəncələrə məruz qalan soydaşlarımız barədə ətraflı məlumat veriblər.
Piketdə Urmiya gölündəki vəziyyət də əsas diqqət mərkəzində olub. Bundan əlavə, aksiya iştirakçıları Dağlıq Qarabağla bağlı da plakat açaraq erməni vəhşiliklərini nümayiş etdiriblər və həmçinin Şuşanın işğalının 22-ci ildönümünü anıblar.
Eyni zamanda onlar Behnam Şeyxi və Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvü Yürüş Mehrəlibəylidən 14 və 24 gündür keçirdikləri aclıq aksiyasını dayandırmağa çağırıblar. Piketin sonunda azərbaycanlı fəallarla bağlı insan hüquqları təşkilatlarına ingilis dilində hesabat göndərilib.