Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" partiyasından olan deputatı Martun Qruqoryan Gümrüdə bir ailənin 6 üzvünün qətlində ittiham olunan rusiyalı əsgər Valeri Permyakovun Ermənistan ərazisində Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında həbsdə saxlanıldığını təsdiqləyib. APA-nın Armenia Today-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Martun Qruqoryan Gümrüdə aksiya iştirakçılarının qarşısında çıxışı zamanı bildirib.
“Bizi kamerayadək müşayiət etdilər, kameranın pəncərəsini açdılar və biz, şəxsən, onu gördük”, deyə deputat Permyakovun bir nəfərlik kamerada saxlanıldığını qeyd edib. Lakin o, video çəkilişin aparılmadığını bildirib: "Biz belə bir vəzifə qarşımıza qoymamışdıq"
Bundan əvvəl bildirilmişdi ki, Ermənistan Rusiya tərəfi ilə Valeri Permyakovun video çəkilişinə dair razılığa gəlib.
Qeyd edək ki, Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun işi üzrə istintaqın gedişatından narazı olan və qatilin Ermənistandan Rusiyaya ötürüldüyünü güman edən etirazçılar və polis arasında toqquşmalar baş verib. Nəticəsində 5-i polis olmaqla 14 nəfər xəsarət alıb, 13 nəfər saxlanılıb.