Türkiyə prezidenti 30 avqust Zəfər bayramı münasibəti ilə ziyafət verib.
APA-nın Türkiyə bürosunun mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, bu, Rəcəb Tayyip Ərdoğanın Türkiyə prezidenti kimi Çankaya iqamətgahında təşkil etdiyi ilk qəbul olub.
Prezident Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə qonaqları qəbul mərasiminin keçirildiyi bağçanın girişində qarşılayıblar. Qarşılama mərasimi başa çatandan sonra Silahlı Qüvvələr Baş Qərargahının simfonik orkestri konsert verib. Diqqət çəkən məqamlardan biri də konsert proqramında bir neçə Azərbaycan xalq mahnısının və bəstəkar Cahangir Cahangirovun “Ay qız” mahnısınım səsləndirilməsi olub.
Daha sonra Ərdoğan və xanımı mərasim iştirakçıları ilə xatirə fotoları çəkdiriblər.
Mərasimdə hökumət və dövlət nümayəndələri, vətəndaş cəmiyyətinin, yerli və xarici medianın təmsilçiləri, iş adamları, diplomatik korpusun nümayəndələri iştirak ediblər. Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasının liderlərinin iştirak etmədiyi qəbula Xalqların Demokratiya Partiyasının (HDP) bəzi millət vəkilləri qatılıblar.
Qeyd edək ki, 30 avqust 1922-ci il ölkəni əcnəbi işğalçılardan təmizləmək məqsədi ilə Baş Komandan Mustafa Kamal Atatürkün hazırladığı plan əsasında Türk ordularının Qərb cəbhəsində həlledici hücuma başladığı tarixdir. İstiqlal savaşının son mərhələsi olan bu hərbi əməliyyat 9 sentyabr 1922-ci ildə İzmirdə yunan ordusunun məğlub edilməsiylə nəticələnib. İlk dəfə 1923-cü ildə Afyonkarahisar, Dənizli, Kahramanmaraş, Ankara və İzmirdə qeyd edilən 30 avqust Zəfər bayramı Türkiyə Böyük Millət Məclisinin 1935-ci ilin mayında qəbul etdiyi qərarla rəsmi bayram statusu qazanıb.