Dünyada elə dini mərasimlər var ki, onlar ancaq müəyyən kompakt ərazilərdə bir qrup yerli sakin tərəfindən həyata keçirilir. Lent.az dünyada ən qəribə dini ritualları təqdim edir:
- Madaqaskarda ölünü məzarından çıxarıb, onunla caz musiqisi altında rəqs edirlər. İnanca əsasən, bu mərasimi ölünün ruhunu şad etmək həyata keçirirlər. Maraqlıdır ki, bu mərasim 7 ildən bir keçirilir.
- “LifeGem” adlı amerikan firması ölüləri yandırdıqdan sonra onların küllərindəki karbon atomlarından üzük düzəldir. Həmin üzüklərin qiyməti daşın karatından asılı olaraq, 3500 – 20000 dollar arasında dəyişilir.
- Vyetnamda hər il Brahma rahibi Çuçok adına mərasim keçirilir. Əfsanəyə görə, acgözlülüyə görə ölən Çuçokun ruhunu şad tutmaq üçün hər il striptizçi tutulur. Striptizçi qızlar Çuçokun heykəlləri önündə rəqs edirlər.
- İndoneziyanın Tana Toraxa bölgəsində dəfn zamanı olduqca maraqlı səhnə yaşanır. Sanki yas deyil, toy mərasimi keçirirlər. Mərasimdə musiqi, rəqs və ziyafət olur. Əvvəlcə mərasimə hazırlıq işləri görülür, sonra isə əsas mərhələyə keçirilir. Daha sonra cəsəd tabuta qoyularaq, ölünün yaxınlarına verilir və dəfn edilir. Bu yolla ölünün diriləcəyini güman edirlər.
- Çinin Tibet və Monqolustanın bəzi bölgələrində yaşayan insanlar öldükdən sonra cəsədləri parçalanaraq, kərkəs quşlarına paylanılır. Bununla ölən adamların ruhlarının digər şəxslərin ruhlarına keçəcəyini düşünürlər.
- Cənub-şərqi Avstraliyada dəfn mərasimində ölüyə hörmət onun ətini yeməklə göstərilir. Dieri adlanan əhali ölən qohumlarının üz, qol, ayaq və qarınlarının yağlı hissələrini yeyirlər. Bununla həmin insanın gücünün onun ətini yeyən adamlara keçdiyi güman edilir.
- Yaponiya buddistləri özlərini Sokuşinbutsu adlandırırlar. Rahiblər intihar etməklə kifayətlənməyib, özlərini mumyalayırlar. İlk öncə meycə və çərəz yeyərək, vücudlarında olan yağı əridirlər. Ardınca zəhər içərək, qusmağa başlayırlar. Sonda isə rahib daşdan düzəldilmiş tabutun içinə girir və ölməyini gözləyir. Yaşadıqca zəng çalır, zəngin səsi kəsildikdə isə digərləri onun öldüyünü düşünürlər və tabutu möhürləyirlər. 100 gün keçdikdən sonra tabut açılır və mumya yoxlanılır. Beləcə insanın yenidən dünya gəlib, təzədən həmin vücuda sahib olacağı güman edilir.
- Xərçəng xəstəliyi ilə mübarizə aparan Vimla Devi adlı hindli qadın 2006-cı ildə ölüb. Amma onun ölüm səbəbi xərçəng xəstəliyi deyildi. Hindlilərin inancında ölüm orucu ilə həyatlarına son vermək qəbul olunub. Bunun üçün insanın bədəni oruca hazır olmalıdır və oruc hamının içində tutulmalıdır.
- Zərdüştlük ən qədim dinlərdən biridir. Zərdüştlər ölüləri dəfn etmək əvəzinə onu dərəyə atıb, kərkəslərə yem edirdilər. İndinin özündə də Zərdüşt dininə inananların sayının təxminən 250 min olduğu təxmin edilir.