Dünya bazarında neftin qiymətinin xeyli aşağı düşməsi səbəbindən Venesuela, Kolumbiya və Ekvador hasil etdikləri nefti hazırda maya dəyərindən ucuz satmaq məcburiyyətindədirlər. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə qeyd olunan ölkələrin neft şirkətlərindəki mənbələr bildirirlər.
Belə ki, Venesuelanın DCO markalı neftinin bir bareli 15 dollara, Kolumbiyanın “Vasconia” markalı neftin bir bareli 21 dollardan aşağı qiymətə satılır. Ekvador prezidenti Rafael Korrea da bir müddət əvvəl ölkədə hasil olunan neftin maya dəyərindən ucuz satıldığını bəyan edib.
Qeyd edək ki, Venesuela dünyanın 10 ən iri neft ixracatçısı olaraq ümumi bazarında 3,7 faiz, Kolumbiya – 1,8 faiz, Ekvador isə 1 faizdən az paya malikdirlər. Qeyd edək ki, bir müddət əvvəl Meksika da (ümumi bazarın 2,5 faizi) neftinin maya dəyərindən ucuz qiymətə satıldığını bildirmişdi.
Venesuelanın PDVSA Dövlət Neft Şirkətinin son məlumatlarına əsasən, ölkədə hasil olunan neftin maya dəyəri 18 dollar təşkil edir. Kolumbiyada bu göstərici 2015-ci ilin 3-cü rübündə 20-22 dollar təşkil edib.