“Avropa Birliyi ölkələri ümid etmək istərdi ki, Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə ehtiyac olmayacaq.
Lakin əgər lazımdırsa, onlar Avropadakı sabitliyi qorumağa hazırdır. Biz oxşar ssenarilərin Avropanın digər bölgələrində təkrar olunmasını istəməzdik”.
APA-nın məlumatına görə, bunu “Bloomberg”ə müsahibəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib.
“Bizim mövqeyimiz aydındır: Avropa Birliyi Ukraynanı dəstəkləyir və Rusiyaya xəbərdarlıq edir ki, əgər o, özünü belə aparmaqda davam etsə, bu ona baha başa gələcək”, - deyə o vurğulayıb.
Bununla belə, Barrozu Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə hansı amilin əsas ola biləcəyini deməyib. O qeyd edib ki, G8-in Soçi sammitinin təxirə salınması Rusiyaya çox ciddi siqnaldır.
“Ukrayna kimi Avropa ölkəsinin müstəqilliyinə hörmət edilməlidir”, - deyə Barrozu vurğulayıb.