İranda qətl ittihamı ilə ölüm cəzasına məhkum edilən, 7 ildir həbsdə saxlanan 26 yaşlı aktrisa Reyhanə Cabbarinin edamının qarşısını almaq üçün imza kampaniyası keçirilir.
Lent.az-ın “Media forum”-a istinadən məlumatına görə, teatr və kino ulduzu, interyer dizayneri olan Reyhanə Cabbari 2007-ci ildə onu iş bəhanəsi ilə ofisinə aparıb, zorlamağa cəhd göstərən ETTELAAT-ın keçmiş əməkdaşı Murtuza Əbdüləli Sərbəndinin qətlində təqsirli bilinib.
2007-ci ilin aprelində bir kafedə 19 yaşlı Reyhanənin rəfiqəsi ilə telefon danışığından onun interyer dizayneri olduğunu öyrənən Murtuza ona yaxınlaşaraq ofisinin daxili dizaynını dəyişmək istədiyini bildirib. Reyhanə ona inanıb və əvvəlcə ofisi görməyin lazım olduğunu bildirib. Bir neçə gündən sonra onlar yenidən görüşüblər. Ofisə daxil olanda Reyhanə orada onlardan başqa heç kəsin olmadığını görüb şübhələnib. Murtuza isə cəld qapını qıfılladıqdan sonra Reyhanənin üstünə cumaraq onu zorlamağa cəhd göstərib. Reyhanə müqavimət göstərərək əlinə keçən bir bıçaqla ona zərbə endirib hadisə yerindən qaçıb. Cinsi təcavüzə cəhd göstərən şəxs həlak olub.
Az sonra Reyhanə tutulub. Öldürülən şəxsin ETTELAAT-ın keçmiş əməkdaşı olduğu üzə çıxandan sonra Reyhanəyə siyasi motivlərlə qətl törətmək ittihamı irəli sürülüb. Məhkəmə ona ölüm hökmü çıxarıb. İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani hökmü təsdiqləyərək icra şöbəsinə göndərib.
Son günlər isə ölkə vətəndaşları və xaricdə yaşayan iranlılar Reyhanənin ölüm hökmünün ləğvi üçün imza kampaniyasına başlayıblar. İran Məhkəmə Sisteminin rəisi isə bildirib ki, Reyhanənin edamdan qurtarmasının yeganə yolu öldürülən şəxsin ailəsinin onu bağışlamasından asılıdır. Öldürülən şəxsin ailəsi Reyhanənin dar ağacından asılmasını tələb edir.
Hazırda 103 min 328 nəfər Reyhanəyə dəstək üçün imza kampaniyasına qoşulub. Kampaniya davam edir.