ABŞ-a məxsus “Ross” hərbi raket gəmisi Bosfor və Dardanel boğazlarından keçərək Qara dənizə daxil olub. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə hərbi-diplomatik mənbə məlumat verib.
“Amerikanın “Ross” hərbi raket gəmisi saat 17-18 radələrində (Bakı vaxtı ilə 19.00-20.00) boğazlardan keçərək Qara dənizə daxil olub”, deyə o bildirib.
Məlumata görə, “Ross” hərbi raket gəmisi Aegis döyüş idarə-informasiya sistemi, qanadlı “Tomahawk” raketləri, RIM-156 SM-2 zenit raketləri və sualtı qayıqlar əleyhinə RUM-139 VL-Asroc raketlərini buraxmağa qadir qurğular, həmçinin müxtəlif pulemyot və top silahlarla təchiz olunub.
Gəmi göyərtəsinə bir ədəd Sikorsky SH-60 Seahawk helikopteri qəbul etmək imkanına malikdir.
Qeyd edək ki, bundan əvvəl, martda NATO-nun 6 hərbi gəmisi Qara dənizə daxil olaraq Türkiyə və Rumıniyanın hərbi gəmiləri ilə birgə hərbi təlimlər keçirib.