Avropa Birliyi “qara siyahıya” daxil etdiyi hüquq və fiziki şəxslərin adlarını açıqlayıb.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, genişləndirilmiş siyahıya aşağıdakı şəxslər daxildir: Rusiya prezident administrasiyası başçısının birinci müavini Vyaçeslav Volodin, Rusiya Hərbi Hava Desant qüvvələrinin komandanı Vladimir Şamanov, dumanın konstitusiya qanunvericiliyi üzrə komitəsinin sədri Vladimir Pliqin, habelə Rusiya Federal Miqrasiya Xidməti Krım “idarəsinin” sədri Pyotr Yaroş, Rusiya Federal Miqrasiya Xidməti Sevastopol “idarəsinin” sədri Oleq Kojura, Ukraynanın Slavyansk şəhərinin “xalq meri” Vyaçeslav Ponomaryov, Qolovkanın “xalq milis rəisi” İqor Bezler, Donetskdəki rusiyayönlü silahlı qruplaşmanın liderlərindən İqor Kakicanov, Ukrayna parlamentinin rusiyayönlü deputatı Oleq Tsaryev, “Donestk Xalq Respublikası” “Mərkəzi Seçki Komissiyasının” “başçısı” Roman Lyaqin, “Luqansk Xalq Respublikası” “Mərkəzi Seçki Komissiyasının” “başçısı” Aleksandr Malıxin, Krımın “prokuror” Natalya Poklonskaya, Sevastopolun “prokuroru” İqor Şevçenko.
“Qara siyahıdakı” iki şirkət bunlardır: “Çernomornefteqaz” və “Feodosiya”.
Sanksiya çap olunduğu gündən qüvvəyə minir.
***
20.18
Avropa Birliyinə (AB) üzv ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı genişləndirilmiş sanksiyanı təsdiqləyib.
Lent.az-ın “BBC”-yə istindən məlumatına görə, nazirlərin təsdiqlədiyi sanksiyada 13 hüquqi şəxsin və Krımda fəaliyyət göstərən iki şirkətin adı var.
Yasaqlara məruz qalan şəxslərin adları 24 saat ərzində açıqlanacaq.
Sanksiyaya əsasən, “qara siyahıya” düşənlərin Avropa Birliyi ölkələrindəki bank hesabları dondurulacaq, onların quruma üzv dövlətlərin ərazisinə getməsi üçün viza verilməyəcək.
Xatırladaq ki, Avropa Birliyi birinci sanksiyanı martın 17-də tətbiq edib. Həmin siyahıya Rusiyanın bir sıra məmurları, üç hərbçisi və Krımdakı “rəhbərliyin” 8 təmsilçisinin adı var.
Marın 21-də isə AB Rusiyanın daha 12 yüksək vəzifəlisinə, o cümlədən ölkə prezidenti Vladimir Putinin yaxın ətrafındakı məmurlara sanksiya tətbiq edib.
Aprelin sonunda isə Ukraynanın cənub-şərqindəki separatçıların liderlərinə, Rusiya və Krımdakı 15 məmurun adı “qara siyahıya” daxil edilib.