Stokholmda Nobel həftəsi artıq sona çatmaq üzrədir. Lent.az-ın analtik.az-a istinadən məlumatına görə, bu il hər nominant 8 mln . İsveç kronu, yəni 1 milyon ABŞ dollarına yaxın məbləğdə mükafat alacaqlar. Bu məbləğ Nobel fondunun gəlirlərindən asılı olaraq hər il dəyişir. Bəs görəsən laureatlar bu mükafatı nəyə xərcləyirlər?
Nobel mükafatını müxtəlif xeyriyyə fonduna köçürmək artıq ənənə şəklini alıb. 1979-cu ilin Nobel laureatçısı Tereze Ana mükafatı kimsəsizlər üçün sığınacağın tikintisinə sərf etdi. Bundan başqa , 2 min yoxsul insana Milad süfrəsi açıb.
2009-cu ilin sülh mükafatını alan Barak Obama da 1,4 milyon dollar mükafatı bir neçə xeyriyyə təşkilatı arasında bölüşdürüb. Siyahıda birinci yerdə Haitidə zəlzələdən zərərçəkənlərə yardım edən fond - Buş-Klinton fondu dayanmışdı. Bu məqsədlə Obama fonda 200 min dollar köçürüb. Daha 50 min dollar, amerikalı veteranları və onların ailə üzvləri ilə işləyən "Fişer Haus" təşkilatı alıb. Qalan pullar xeyriyyə təşkilatlarına və fondlara kiçik paylarla qismət olub.
Nobel mükafatı laureatı Jores Alferov təhsil və elmə dəstək fondu yaradıb. Fondun inkişafı üçün aldığı Nobel mükafatının üçdə bir hissəsini, 75 min dolları ora verib.
1908-ci ildə mükafat alan mikrobioloq İlya Meçnikov mükafatı bütünlüklə Parisdəki Paster institutuna verib. O , bu institutda laboratoriyaların birinə başçılıq edib .
Mikrobioloq Andre Mişel Lvov da öz mükafatını Paster institutuna köçürüb . Fiziologiya və tibb sahəsi üzrə “virus və fermentlərin sintezinə genetik nəzarət “ haqda kəşfinə görə Fransua Jakob və Jak Mono ilə birlikdə laureat olan Lvov, aldığı mükafatı bu kəşfi etməkdə yardımçı olan institutun inkişafı üçün sərf etməyi qərara alıb.
Nobel mükafatçıları arasında mükafatı ən orijinal xərcləyən isə yəqin ki, Pol Neps olub. Rokfell universitetinin prezidenti, britaniyalı biokimyaçı Pol Neps 2001-ci ildə fiziologiya və tibb sahəsində laureat olub. O, mükafatı sevimli motosikleti “Kawasaki”nin tyüninqinə sərf edib.
1993-cü ildə fiziologiya və tibb sahəsi üzrə laureat olan genetiklər Riçard Roberts və Fillip Şarp da təqdim olunan mükafatı özlərinin maddi ehtiyaclarına xərcləyiblər. Riçard evlərinin yanında kroket oyunu üçün meydança tikdirib, Fillip Şarp isə ailəsinin uzun illər arzusunda olduğu lüks ev alıb.
1921-ci ildə fizika üzrə Nobel mükafatçısı olan Albert Eynşteyn, aldığı bütün mükafatı bundan iki il əvvəl rəsmən ayrılmış keçmiş arvadı Milev Mariçə verib. Bununla o, nikah müqaviləsinə əsasən, ona kömək etdiyinə görə, mükafat aldığı təqdirdə həyat yoldaşına verəcəyi vədinə əməl edib.
Boşandığına görə pulun bir hissəsini arvadına verməyə məcbur olan alimlərdən biri də iqtisadçı Robert Lukasdır. O , 1995-ci ildə ali mükafata layiq görülmüşdü. Lakin 7 il əvvəl boşanma haqqında müqavilədəki şərtə əsasən aldığı bütün pulların əlli faizini arvadına verməli idi. Əgər alim mükafatı bir il sonra alsaydı, bütün məbləğ özünə qalacaqdı. Taleyin qismətinə görə müqavilənin müddəti 31 oktyabr 1995-ci ildə bitirib
2003-cü ildə fizika üzrə 3 laureatdan biri Vitaliy Ginzburq və macarıstanlı yazıçı İmre Kerteş isə aldıqları mükafatı könüllü olaraq arvadlarına hədiyyə etdilər.
1933-cü ildə bütün Paris mətbuatı “son illərin rus ədəbiyyatının ən parlaq fiquru İ.A. Bunin” haqqında yazıb. Dünya şöhrəti ilə yanaşı , 170.331 kron qazanan Bunin, Fransaya səfər edərək, pulun bir hissəsini müxtəlif cəmiyyətlərə dəstək olaraq vermiş, qalanını isə sadəcə əyləncələrə , istirahətə xərcləyərək, əliboş geri qayıdıb.
1965-ci ildə “Sakit Don ” əsərinə görə Nobel laureatına layiq görülən Mixail Şoloxov da mükafatın bir hissəsini kitabxana və klub tikintisinə sərf etdikdən sonra, ailəsi ilə birlikdə Avropa ölkələrinə səyahətə gedib.
Nobel mükafatı ilə səyahətə çıxan laureatlardan biri də 1964-cü ildə fizik Aleksandr Proxorov olub. Uzun illər dəvət edildiyinə baxmayaraq, ailəsi ilə birlikdə səfərə çıxa bilməyən Proxorov , bu arzusuna nəhayət ki, Nobel mükafatı sayəsində nail oldu.
Xatırladaq ki, hazırda Nobel Fondunun kapitalı 3 milyard 112 milyon İsveç kronudur (təxminən 450 milyon ABŞ dolları). Son illər laureatlara verilən pul vəsaitinin məbləği isə belə olub:
1992-ci ildə — 1,04 milyon ABŞ dolları
2000-ci ildə — 0,9 milyon ABŞ dolları
2003-cü ildə — 1,34 milyon ABŞ dolları
2004-cü ildə — 1,46 milyon ABŞ dolları
2005-ci ildə — 1,25 milyon ABŞ dolları
2006-cı ildə — 1,45 milyon ABŞ dolları
2007-ci ildə — 1,56 milyon ABŞ dolları
2008-ci ildə — 1,25 milyon ABŞ dolları
2009-cu ildə — 1,45 milyon ABŞ dolları
2010-cu ildə — 1,5 milyon ABŞ dolları
2011-ci ildə — 1,4 milyon ABŞ dolları
2012-ci ildə - 1,2 milyon ABŞ dolları
2013-cü ildə - 1,2 milyon ABŞ dolları