ABŞ-ın döyüş təyyarələri bu gün İraqın Əl Kərim şəhərində “İŞİD” terror qruplaşmasının liderlərinin toplantı keçirdiyi binaya raket zərbələri endirib. Nəticədə qruplaşmanın lideri Əl Bağdadi yaralanıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli AIN informasiya agentliyi məlumat yayıb.
“Koalisiya təyyarələri Əl Kərim şəhərində (Əl Anbar əyaləti) Əl Bağdadinin də iştirak etdiyi toplantının keçirildiyi binaya zərbə endirib... Mənbələrimizin məlumatına görə, Əl Bağdadi yaralanıb və o, təcili Suriyaya yola salınıb”, deyə İraq xüsusi xidmət orqanlarının nümayəndəsi agentliyə bildirib.
Onun sözlərinə görə, zərbələr nəticəsində “İŞİD”-in bir neçə səhra komandiri ölüb. Məlumata görə, qruplaşmanın nümayəndələri yaralı silahlılara qan köçürmək üçün şəhər əhalisinə müraciət edərək qan verməyi xahiş edib.