Livan parlamenti yenə dövlət başçısını seçə bilməyib. Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, yetərsay olmadığından parlamentin sədri Nəbi Berri iclası dayandırmağa məcbur olub.
Təkrar seçki mayın 7-də keçiriləcək. Ölkənin hazırkı prezidenti Mişel Süleymanın səlahiyyət müddəti mayın 28-də bitir.
Xatırladaq ki, Livan parlamentinin 128 üzvü var.
Mənbə bildirib ki, birinci turda qərbyönlü ”14 mart koalisiyası” ilə “Hizbullah”-ın başçılıq etdiyi Suriya və İran meylli “8 mart bloku” arasında prezidentliyə namizəd məsələsində kompromis əldə edilməyib. “Hizbullah”-ın onlarla tərəfdarı iclası boykot edib. Səsvermə zamanı parlamentin zalında 76 deputat olub.
Məlumata əsasən, Suriyadakı vətəndaş savaşı ucbatından Livan cəmiyyəti parçalanma ilə üz-üzədir.
Keçmiş komandan Mişel Aun birləşdirici namizəd olmaq istədiyini bildirsə də “14 mart”-çılar onu dəstəkləməyib. Onların namizədi Samir Caca birinci turda 48 səs toplayıb. Druzların lideri Valid Cumbulata isə deputatların 16-sı səs verib. “8 mart bloku” qutuya boş bülleten salıb.