Mayın 4-də Pakistanın Dera İsmayil Xan rayonunda “Heydər Əliyev Su təchizatı layihəsi”nin açılış mərasimi Pakistan mətbuatında geniş işıqlandırılıb. Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən xəbərə görə Pakistanın ingilis dilli “The News”, “Pakistan Observer”, “Daily Times”, “Pakistan in the World” və urdu dilli “Express”, “Daily Pardez”, “Ausaf” qəzetlərində, “DNA” İnformasiya agentliyində və “Diplomatik Star” jurnalında nəşr edilmiş məqalələrdə “Heydər Əliyev Su Təchizatı layihəsi”nin təntənəli açılış mərasimi barədə yazılar dərc olunub.
Yazılan xəbərlərdə “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılışı Pakistan-Azərbaycan dostluq münasibətlərinin növbəti uğuru kimi qiymətləndirilib.
Dera İsmayil Xan rayonunda “Heydər Əliyev Su təchizatı layihəsi” Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə inşa edilib.