Suriyadakı rejimin başçısı Bəşar Əsədin mülki vətəndaşlara qarşı davamlı olaraq, kimyəvi silah işlətdiyi haqda xəbər yayılıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən məlumatına görə, İngiltərədə çıxan “Daily Telegraph” qəzeti bildirib ki, son bir ayda Suriyanın İdlip əyalətində xlor və ammonyak tərkibli kimyəvi silahla 3 basqın gerçəkləşdirilib.
Mənbə bildirib ki, rejimə müxalif qüvvələrin nəzarəti altında olan İdlip ətrafındakı üç nöqtədən bir doktor qəzet üçün nümunələr götürüb.
Türkiyənin Qaziantəp bölgəsinə gətirilən nümunələr ingilis kimyəvi silah mütəxəssisləri tərəfindən araşdırılıb. Analiz nəticəsində götürülən torpaqlardan xlor və ammonyakın izləri aşkarlanıb.
Qəzet bildirib ki, havadan edilən basqınlarla bağlı əmri Bəşar Əsəd verib.
Dəməşqdəki rejim isə kimyəvi silahdan istifadə edilməsi haqda irəli sürülən iddialar inkar etməkdədir.
İddialarla bağlı kimyəvi silahların qadağan edilməsi təşkilatı məsələ ilə maraqlanıb. Təşkilat bölgəyə bir qrup göndərməyi qərara alıb.