“Yaxın sutkada BMT-nin nəzarəti altında səsvermə bülletenləri yenidən yoxlanılacaq”.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu açıqlamanı ABŞ-ın dövlət katibi Con Kerri verib.
O, Əfqanıstan keçirilən prezident seçkisinin ikinci turundakı səsvermə zamanı “kütləvi saxtakarlığın olduğu haqda məlumatı”n yoxlanılmasının vacibliyini deyib.
“BMT-nin nəzarəti altına səslər yenidən sayılacaq. Bu prosesə 24 saat ərzində başlanılacaq” -deyə, amerikalı diplomat vurğulayıb.
C.Kerri onu da deyib ki, danışıqlar zamanı səslərin yenidən sayılmasına prezidentliyə hər iki namizəd - Abdullah Abdullah və Əşrəf Qəni Əhmədzay, eləcə də hazırkı prezident Həmid Karzay razı olduqlarını bildiriblər.
Onun sözlərinə görə, yeni prezidentin avqustun 2-ə nəzərdə tutulan andiçmə mərasiminin tarixi də dəyişdiriləcək.
Xatırladaq ki, Müstəqil Seçki Komissiyası prezident seçkisində Əşrəf Qəni Əhmədzayın 56,44 faiz səslə qalib gəldiyini elan etmişdi. Qurum onun rəqibi Abdullah Abdullahın 43,56 faiz səs topladığını bildirmişdi.
A.Abdullah komissiyanın elan etdiyi nəticəyə etiraz edərək, kütləvi aksiyalar keçirəcəyini, “paralel hökumət quracağını” bəyan etmişdi.