Ukraynanın daxili işlər naziri Arsen Avakov ABŞ hərbçilərinin Ukrayna əsgərlərinə keçəcəyi hərbi təlimlər barədə məlumat verib. APA-nın xəbərinə görə, A. Avakov özünün “Facebook” səhifəsində təlimlərdə Ukrayna Milli Qvardiyasının 900 döyüşçüsünün iştirak edəcəyini yazıb.
Nazir təlimlərin aprelin 20-də Lvov vilayətindəki Yavoriv poliqonunda başlayacağını bildirib: “290 Amerika desantı aprelin 20-də Lvov vilayətinin Yavoriv poliqonuna gələcək. Razılığa əsasən, ABŞ-ın 173-cü hava-desant briqadası ilə Milli Qvardiyanın bölmələrinin uzunmüddətli təlimləri burada keçiriləcək”.
A. Avakov 8 həftəlik təlimlərdə Milli Qvardiyanın “Azov”, “Yaquar”, “Omeqa”, general Kulçitski adına batalyonu və digər bölmələrinin iştirak edəcəyini söyləyib. Hazırlıq başa çatdıqdan sonra ABŞ-Ukrayna birgə hərbi təlimi də olacaq.
Xatırladaq ki, ABŞ-ın Avropadakı qüvvələrinin komandanı Frederik Hodces Ukrayna hərbçilərinə təhlükəsizlik və tibbi vəzifələri yerinə yetirməyi, döyüş anında ruslar tərəfindən rabitə əlaqəsinin kəsilməsi zaman necə hərəkət etməyi, Rusiya və separatçıların artilleriya zərbələrindən necə qorunmağı öyrədəcəklərini bildirib.