ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) tənqid edən prezident Donald Tramp onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırır və bunu yaxın günlərdə elan edəcəyi gözlənilir.
APA xəbər verir ki, bu haqda “Reuters” və “Politico” kimi bir sıra KİV-lər mənbələrə istinadən məlumat yayıb.
Agentliyin veb-saytının ötən şənbə günündən artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir.
Bundan başqa agentliyin “X”-dəki hesabı da ləğv edilib. İşçilərə bildirilib ki, qərargah fevralın 3-də bağlanacaq və işçilərin əksəriyyəti uzaqdan işləyəcək.
“Associated Press”in məlumatına görə, USAID-in ən azı 56 yüksək vəzifəli əməkdaşı məzuniyyətə buraxılıb.