Tramp administrasiyasının rəsmiləri Konqres əməkdaşları ilə keçirilən qapalı brifinqlərdə İranın ABŞ qüvvələrinə birinci hücum etməyi planlaşdırdığına dair heç bir kəşfiyyat məlumatının olmadığını etiraf ediblər.
Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Rəsmilərin sözlərinə görə, ABŞ və İsrail şənbə günü son onilliklərin ən genişmiqyaslı hücumlarını həyata keçirərək İranın Ali Rəhbəri Ayətullah Əli Xameneini öldürüb, İran hərbi gəmilərini batırıb və indiyədək 1000-dən çox hədəfə zərbə endirib.
Hazırda isə Pentaqon və Konqresə arasında bu barədə fikir ayrılığı var. Rəsmilərdən biri deyib ki, Tramp “regiondakı Amerika qüvvələrinə hücum edilməsinə sadəcə baxıb gözləməyəcəkdi”.
Anonim qalmaq şərti ilə Reuters-ə danışan iki mənbənin sözlərinə görə, qapalı iclasda administrasiya rəsmiləri İranın ballistik raketləri və regiondakı müttəfiq qüvvələrinin ABŞ maraqları üçün qaçılmaz təhlükə yaratdığını vurğulayıblar, lakin Tehranın ABŞ qüvvələrinə birinci hücum edəcəyinə dair kəşfiyyat məlumatı olmayıb.
Tramp deyib ki, bir neçə həftə davam etməsi gözlənilən hücumların məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, onun raket proqramını məhdudlaşdırmaq və ABŞ və müttəfiqlərinə qarşı təhdidləri aradan qaldırmaqdır. O, iranlıları ayağa qalxaraq hökuməti devirməyə çağırıb.
ABŞ Mərkəzi Komandanlığının bildirdiyi kimi, üç ABŞ hərbçisi həlak olub, beş nəfər ağır yaralanıb. Həmçinin bir neçə digər hərbçi qəlpə yaraları və beyin silkələnməsi alıb.
Ordu açıqlayıb ki, Trampın genişmiqyaslı döyüş əməliyyatlarına başlamaq əmri verdikdən sonra ABŞ təyyarə və hərbi gəmiləri 1000-dən çox İran hədəfinə zərbə endirib. Zərbələrə B-2 tipli gizli bombardmançıların 2000 funtluq (900 kiloqramlıq) bombalarla möhkəmləndirilmiş yeraltı İran raket obyektlərini vurması da daxildir.