XXI əsrdə baş verən hərbi konfliktlər professional orduya, müqavilə əsasında xidmət edən hərbçi kontingentə malik ölkələrin təcrübəsiz, heyəti çağırış əsasında formalaşan ordulardan üstün olduğunu ortaya qoydu.
Bir çox ölkələr ənənəvi çağırış sistemindən tam yaxud qismən imtina edərək müqavilə əsasında hərbi xidmət sisteminə keçir.
Azərbaycan Ordusunda da son illər müqavilə əsasında xidmət edən hərbi qulluqçuların (MAXE) sayında ciddi artım var.
Ölkədə MAXE-lərin standart əmək haqqı 650-700 manat (382-411 dollar) arasında dəyişir. Amma xidmət müddəti, rütbəsi və dislokasiya yerindən asılı olaraq bu rəqəm 2 qat çox ola bilər.
Lent.az dünyanın müxtəlif ölkələrində MAXE-lərin aldığı məvacibləri müqayisə edib.
Türkiyədə müddətdən artıq xidmət etmək edən hərbi qulluqçu (MAXE) ilk ayında 5700 türk lirəsi (346 dollar) maaş alır. MAXE-nin rütbəsi, xidmət müddəti və xidmət çəkdiyi bölgədən asılı olaraq həmin məvacib dəfələrlə arta bilər.
Belə ki, Türkiyənin cənub-şərqində xidmət edən, Suriya və İraqda hərbi əməliyyatlara qatılan hərbi qulluqçu əlavə və güzəştlərlə birlikdə 14 min lirə (850 dollar) məvacib ala bilər.
Pakistanda müqavilə əsasında xidmət edən hərbi qulluqçuların əmək haqqı ortalama 230 dollar təşkil edir. Xidməti yeni başlayanlar üçün bu göstərici 160 dollardan başlayır. Kəşmir bölgəsində xidmət edən pakistanlı hərbçilərin əmək haqqı 350 dollara qədər artır.
ABŞ-da sıravi hərbçinin maaşı 1 568 dollar təşkil edir. Amma xidmətə başlayanda hər bir hərbi qulluqçuya 10-30 min dollar arasında bonus ödənilir. Hərbi xidmətdən sonra ordu hərbçinin təhsil xərclərini də qarşılayır. Bundan əlavə, təhsili hərbi xidmət dövründə də almaq mümkündür.
Təhsil xərclərinin ödənilməsi amili gəncləri orduda xidmətə cəlb edən əsas amil sayılır.
Hazırda hərbi əməliyyatların davam etdiyi Ukraynada hərbçilərin maaşında artım müşahidə olunur. İlin əvvəllərində daimi dislokasiya məntəqəsində olan hərbçi ayda 10 208 qrivna (347 dollar) alırdı. Amma Donbasda xidmət edən və hərbi əməliyyatlara qatılan MAXE-lərin məvacibi 27 208 qrivnaya (925 dollar) yüksəlirdi.
Böyük Britaniyada hərbçi ayda 1550 funt sterlinq (1950 dollar) qazanır.
Almaniyada isə professional hərbi qulluqçu ayda 2000 avro (2140 dollar) qazanır.
Hollandiyada hərbçi ilk ayda 1000 avro qazansa da, xidmət ilinin sonuna bu rəqəm 1850 avroya (1980 dollar) qədər yüksəlir.
Fransada müqavilə əsasında xidmət edən hərbçi 1522 avro (1628 dollar) qazanır. Xarici Legionda xidmət edən muzdlu hərbçi isə ayda 1280 avro (1340 dollar) məvacib alır.
Rusiyada müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçuların standart məvacibi 30 min rubl (485 dollar) təşkil edirdi. Amma Suriyada xidmət edən hərbçilərə əlavə olaraq 80 min rubl vəsait ödənildiyi üçün MAXE-nin maaşı 110 min rubl (1750 dollar) təşkil edirdi.
Hazırda Ukraynada döyüşən rusiyalı MAXE-lərə rütbə və vəzifəsindən asılı olaraq 200 min rubla qədər (3 165 dollar) məvacib təklif olunur.
Çin ordusunda maaş sistemi fərqlidir. Moto-atıcı hissələrdə xidmət edən hərbçi 500-900 yuan (75-135 dollar) alır. Amma 2 illik hərbi xidmət müddəti bitdikdən sonra ona 146 min yuan (21 900 dollar) vəsait ödənilir.
Ölkədə MAXE-lərin orta aylıq maaşı 1000 dollar təşkil edir. Bu ölkədəki orta aylıq əmək haqqının 3 mislinə bərabərdir.