Avropanı dolaşan tramvaylar
12 avqust 2009 19:01 (UTC +04:00)

Avropanı dolaşan tramvaylar

Köhnəlik, yoxsa nostalgiya?

Çoxları yaxın tariximizədək Bakının atributuna çevrilmiş tramvayları yaxşı xatırlayır. Bəziləri bu sınıq-salxaq tramvayların ləğv edilməsini alqışlayır, bəziləri isə tramvaydan söz açılarkən nostalji hisslərə qapılırlar. Görək Avropada tramvayın vəziyyəti necədir?

19-cu əsrin ortalarında bir çox dövlətlərdə, o cümlədən Rus imperiyasının əyaləti olan Bakıda dəmir yol nəqliyyatı peyda oldu. Bu zaman at dartqısından istifadə olunurdu. 1880-ci illərdən başlayaraq at dartqısı yerini elektrikə verdi və beləliklə ilk tramvaylar meydana gəldi. Tramvay şəbəkəsi tezliklə bir çox Avropa şəhərlərini əhatə edərək həyatın ayrılmaz tərkib hissəsinə çevrilir. Bakıda da ötən əsrin əvvəllərində ilk tramvaylar hərəkət etməyə başlayır və altmışıncı illərində öz inkişafının zirvəsinə çatır.
Avropada isə tramvaylar iki dünya müharibəsindən “payını alır”. Şəbəkələr dağılır, relslər və vaqonlar hərbi ehtiyacı ödəmək üçün sökülüb əridilir, depolar silah anbarına və qaçqın düşərgələrinə çevrilir. Osmanlı dövləti isə ordunun tələbatını qarşılamaq üçün İstanbulda konkaya qoşulan bütün atları alır. Şəhər 2 il nəqliyyatın bu növündən məhrum qalır (hər halda, Çanaqqala zəfəri üçün buna dəyərdi - müəllif).

İkinci dünya müharibəsindən sonra tramvay xətləri genişlənir, əhalisi çox olmayan Avropa şəhərlərini də əhatə edir. Lakin bu inkişaf uzun çəkmir. 50-ci illərin sonunda avtobusların artması və şose yollarının inkişafı bu nəqliyyat növünə marağı azaldır. Avtobus nəqliyyatının hörmətini artırmaq üçün, məqsədyönlü olaraq yeni tramvaylar alınmır, xətlər baxımsızlıqdan dağılır. Hətta Fransa prezidenti Jorj Pompidunun “şəhər yolları avtomobillər üçün uyğunlaşdırılmalıdır” sözündən sonra bir çox yerlərdə tramvay xətləri sökülür. 1970-ci ildə artıq Qərbi Avropa tramvayla büsbütün vidalaşmışdı. Bu nəqliyyat növü yalnız Fransa və İsveçrənin 6 şəhərində (hərəsi cəmi 1 xətt olmaqla) qalmışdı. Bu şəhərlərdə yerli əhalinin ciddi müqavimətinə rast gələn dövlət qurumları güzəştə getməyə məcbur oldular. Şərqi Avropada isə (sosialist bloku) tramvay və trolleybus inkişaf edirdi.

Tramvaya ikinci həyat bəxş edən hadisə

1973-ci ildə baş verən neft böhranı nəqliyyat şirkətlərini iflic edir. Yanacağın bahalaşması ilə paralel olaraq avtobuslarda gediş qiymətləri də artırılır. Əhali bu nəqliyyat növündən imtina edərək metroya və həmin vaxta qədər salamat qalmış tramvaylara kəskin axın edir. Həmin il Paris bələdiyyəsi tramvay xətlərinin inşası üçün tender elan edir. Artıq 2 ildən sonra böyük Avropa şəhərlərində tramvaylar peyda olmağa başlayır. 20-ci əsrin əvvəllərində artıq Avropanın kiçik şəhərlərinin əksəriyyətində tramvay xətləri vardı. Məsələn, əhalisi 20 000 nəfər olan Müluz şəhəri (İsveçrə sərhədində fransız şəhəri) tramvay xətlərinin və vaqonların keyfiyyəti ilə böyük şəhərləri üstələyir. Nəqliyyat tıxaclarının qeyri adi bir hadisə olduğu Strasburq şəhərində də tramvay (Eurotram) həyatın ayrılmaz tərkib hissəsidir. Hətta tramvay dayanacaqlarında belə bir ifadəyə rast gəlmək olar: bir xalq, bir şəhər, bir tramvay (ola bilsin, Almaniya ilə sərhəd olduğundan məşhur “bir xalq, bir fürer + bir şassi” ifadəsini parafraz ediblər – müəl.). Avropada əksər tramvaylar çoxvaqonludur, məsələn Strasburqda 40 metr uzunluqda vaqonlar işləyir. Bununla yanaşı, qitədə çox köhnə tramvay modellərinə rast gəlmək olar, xüsusən də İtaliya və Fransada. Bu tramvayların sərnişindaşımada xüsusi çəkisi olmasa da, tarixin yadigarı kimi qorunur.

Avropa şəhərlərində bütün tramvay sistemi kartla və ya aylıq biletlərlə işləyir. Bu kartları bütün dayanacaqlarda almaq olar. Fransada gediş haqqı 1 - 1.5 avro arasında dəyişir, biletsiz gedən sərnişini isə 30 avro cərimə gözləyir. İctimai nəqliyyatda sürücünün pul yığması artıq keçmişdə qalıb.

Qonşu Türkiyənin də bir çox şəhərində müasir tramvaylar işləyir. İstanbul tramvayı vaqonların keyfiyyətinə və iş qrafikinə görə Avropadan geri qalmır.

Tramvayın üstünlüyü. Tramvay ekoloji cəhətdən təmiz, qənaətcil və səssiz nəqliyyat növüdür. Calaqsız relslərin tətbiqi ilə dəmir yol nəqliyyatına xas olan taqqıltı da birdəfəlik aradan qalxır. Manevretmə qabiliyyəti böyük, vibrasiya və səs az olduğu üçün şəhərlərin qədim məhəllələrində istifadə edilməsi mümkündür. Avropada şəxsi nəqliyyat vasitələrinin qadağan edildiyi məhəllələrdə başlıca nəqliyyat tramvaydır. Digər tərəfdən tramvaya velosiped və əlil arabaları ilə də minmək olar. Bununla da hərəkət qabiliyyəti məhdud olan insanların nəqliyyat problemi həll edilir.

Çatışmayan cəhəti. Avtobusdan fərqli olaraq tramvay üçün infrastruktur hazırlanması böyük vəsait tələb edir (metroya nisbətdə bu xərc çox cüzidir). Düzgün planlaşdırılmadıqda bəzən tramvay şəhər üçün əlavə problemə də çevrilə bilər.
Azərbaycanda da ara-sıra tramvayın bərpa olunması barədə ideyalar ortaya atılır. Bəzən bu təkliflər yüksək vəzifəli şəxslərdən gəlsə də, konkret layihə hələ ki yoxdur.
Şəkillərə baxıb tramvaya yenidən qiymət verməyi sizlərin ixtiyarına buraxırıq.

Vüqar Ələsgərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206

Oxşar yazılar