Lent.az "Humel" Psixologiya Mərkəzinin rəhbəri, psixoloq, ailə həkimi Taryel Faziloğlu ilə müsahibəni təqdim edir:
- Bu gün ailələrin ailə terapestinə münasibəti necədi?
- Bu gün Azərbaycanda ailələrin ailə terapestinə münasibəti artıq formalaşmağa başlayır. Ailə psixoloqu olaraq hər ay ən azı 3-4 ailə müraciət edir. Onlarla terapiya təşkil edib, gözəl nəticələr alırıq.
- Ailələr daha çox hansı halda terapestə müraciət edirlər?
- Azərbaycanda ən böyük problem ondadır ki, ailələr artıq boşanmanın son hədddində müraciət edirlər. Bir-birlərini yetəri qədər zədələyib, bütün münasibəti bitirəndən sonra, son anda gəlirlər. Hər iki tərəfin bir-birinə qarşı böyük aqressiyası olduğu bir dönəmdə prossesə müdaxilə etmək yüksək peşəkarlıq və fərqli yanaşma tələb edir. Ən azından ilk başda tərəflərin bir –birinə qarşı olan aqressiyanı durdurub, daha sonra yavaş-yavaş inkişafa doğru getmək lazımdır. Sıfır nöqtəsinə gəlmək və sıfır nöqtəsindən sonra ailənin terapeyasını bir şəkildə davam elətdirərək problemi həll etmək lazımdır. Bu səbəbdən Azərbaycanda ailə terapesti olmaq ikiqat peşəkarlıq tələb edir.
Təəssüf ki, bu gün ölkədə özünə psixoloq deyən hər kəs ailə psixoterapeyası ilə məşğul olmağa çalışır. Və hamısı da son zamanlar məşhur olub. Adlarının qarşısına “Uşaq-yeniyetmə, böyük və ailə psixoloqu” yazırlar. Yəni, bir sözlə əksəriyyəti “hərşeyşünas”dı. Bu isə ciddi problemlər yaradır. Mən ikiqat peşəkarlıqla yanaşmağa çalışıram. Çünki müraciət olunan ailə iki fərddən ibarət deyil, cəmiyyətin böyük bir hissəsini təşkil edir. Çünki o ailənin də bağlı olduğu ailələr, ailələrarası münasibətlər, uşaqların münasibəti –bütün bunlar geniş və peşəkar şəkildə çalışma tələb edən bir prossesdi.
-Tərəflər rahatlıqla seanslara gəlirlərmi?
- Adətən qadın seansa daha rahat, kişi bir az çəkinə-çəkinə gəlir. Bunun da öz səbəbi var. Çünki Azərbaycan kişisnin mental xüsusiyyətləri var. O, ailəsinə kənar müdaxiləni, yad bir adamın onun ailə işlərinə qarışmasını qəbul etmir. Həmçinin səhv adətən kişilərdə olur. Bunu isə ona söyləyəndə problem daha da dərinləşir. Öz yanlışlarının yad bir adam tərəfindən deyilməsini bəzən qəbul etmirlər. Ailə terapeyasında kişilərlə işləmək üçün daha diqqətli olub, onların qəbul edə biləcəyi formanı tutmaq vacibdi. O zaman aldığımız nəticə daha effektiv olur.
- Cəmiyyətin hansı qrupundan olan ailələr terapestə ehtiyac duyub, müraciət edir?
- Demək olar ki, bütün qruplarından müraciətlər olur. Bu gün müraciət edənlər arasında kasıb və zəngin təbəqədən olan ailələr də var. Əsasən isə intellektual səviyyəsi yüksək olan ailələr daha çox yardım istəyir. Onlar ailə psixo terapeyasına daha loyal yanaşırlar.
- Pandemiya zamanı ailələrdə daha çox hansı problem yarandı?
- Kanrantin zamanı münasibətlər fonunda ailələrdə ciddi problem yarandı. Çünki Azərbaycan ailələrində adətən kişi çöldə olur, qadın evdə. Onların bir yerdə zaman keçirməsi çox az halda olurdu. Amma pandemiya dövründə tətbiq olunan karantin rejimi zamanı hər ikisi evdə olur, gündəlik həyat tərzləri pozulduğuna görə daxili aqressiyanı boşalda biləcəkləri tək insan həyat yoldaşıdır. Həyat ritmi pozulduğu üçün bütün aqressiyanı bir-birlərinə yönəldirlər. Pandemiya zamanı təkcə Azərbaycanda yox, dünyada ailədaxili münaqişələrin faiz göstəricisi yüksəldi və boşanmalarda təbii olaraq artım müşahidə oldu. Nəticə etibarı ilə ailə institutunda ciddi zədələr, tavmalar müşahidə olunur.
- Bu problemi aradan qaldırmaq üçün tərəflərə nə məsləhət görürsünüz?
- İlk olaraq tərəflərdən hər kəsin özünün məşğul ola biləcək işlərə fokuslanmasını məsləhət görərdim. Bir –birlərində qüsur axtarmasınlar. İkinci məsləhətim, məişət mövzularından kənar mövzularda daha çox söhbət etsinlər. Məişətdən kənar söhbətlərdə daha rahat anlaşa, enerjilərini daha rahat xərcləyə bilərlər. Kənar mövzularda tərəflər maraqlı olmadığına görə, ünsiyyət zaman münasibətdə aqressiya olmur.
- Pandemiya ilə bağlı bu gün Azərbaycan ailələrində vəziyyət necədi? Boşanmalarda artım müşahidə olunurmu?
- 2020-ci ilin sonunda Statistika Komitəsinin açıqladığı rəqəmələrə baxsaq, təxminən 40 faiz boşanma olub. Bu çox böyük göstəricidi. Əgər son 3 il ərzində boşanma faizini hesablasaq bu artıq 60 faiz edir. Bu gələcəkdə ciddi sosial partlayış, sosial deformasiyanın olacağından xəbər verir. Ölkə olaraq bu deformasiyadan ciddi əziyyət çəkəcəyik. Çünki boşanmış ailələrdə yarımçıq ailə modeli formlaşır. Bu cür ailələrdə böyüyən uşaqlar həddindən artıq travmatik olurlar. Bir müddətdən sonra Azərbaycan cəmiyyətinin böyük bir hissəsini formalaşdıran insanlarda aqressiya indeksi yüksək olacaq. Nəticə etibarı ilə cəmiyyət olaraq daha ciddi tarvmatik problemlər və prosseslər yaşama riski yüksəlcək. Ona görə də ciddi şəkildə ailə münasibətlərini dəyərləndirilməsi aparılmalıdır. Bu problemi aradan qaldırmaq üçün ölkədə kompleks psixoloji maarifləndirmə işləri aparılmalıdır. Ən yaxşı halda evlilikdən öncə tərəflər psixoloji müayinədən keçməlidirlər.