1883
09:16
16 Sentyabr 2020

Ürək aritmiyası olanlar nə etməlidir?- Kardioloqdan MƏSLƏHƏTLƏR

Aritmiya zaman normal ürək ritminin tezliyi, həmçinin ürəyin elektrik keçiriciliyi pozulur. Ürək aritmiyaları adətən ürəyin vurğularını idarə edən impulsların işi pozulduğu zaman əmələ gəlir. Bu vaxt ürək ya çox tez, ya çox gec, ya da nizamsız vurur.

e-tibb.az xəbər verir ki, bunu invaziv kardioloq, Mərkəzi Gömrük Hospitalının həkimi Emin Hacıbalayev bildirib.

Aritmiya, onun səbəbləri və əlamətləri mövzusunda “Aritmiya olan xəstələr sağlamlıqlarını necə qorumalıdır” sualına cavab olaraq mütəxəssis bildirib ki, insanlar aritmiyaları ürəyin dayanması, əsməsi, tez-tez döyünməsi kimi hiss edirlər. Ürək döyünərkən impulslar ürək əzələsinə təsir edir və onun yığılmasına səbəb olur. Aritmiya çox vaxt insanlarda qorxu hissi yaradır.

Həkim bildirib ki, aritmiyanın simptomları arasında sinədə əsməni, artan ürək döyüntülərini, azalan ürək döyüntülərini, sinədə ağrını, təngnəfəsliyi, başgicəllənməni, ürəkkeçməni göstərmək olar: “Bəzi hallarda aritmiyalar kəskin ürək ağrıları, hava çatışmazlığı hissi ilə də müşayiət olunur. Bəzən isə aritmiya simptomsuz da keçə bilər”.

Aritmiyanın səbəbləri barədə danışan həkim ürək xəstəlikləri, hipertoniya xəstəliyi, şəkərli diabet, siqaret çəkmə, spirtli içki qəbulu, dərman və kofein asılılıqları, stresslər, bəzi dərmanlarla və otlarla aşırı müalicə, ürək əzələsində olan çapıqları vurğulayıb: “Bundan başqa, ürəyin qidalanması pozularsa, bu zaman elektrik impulsları yaradan hüceyrələrin də qidalanması pozulur. Ürək toxumasının zədələnməsi zamanı da aritmiya yaranır”.

Onun sözlərinə görə, aritmiyaların diaqnostikasının ilkin mərhələsi terapevt və ya kardioloq tərəfindən həyata keçirilir: “Bu zaman pasiyentin şikayətləri analiz edilir, ürəyin ritm pozulmalarını göstərən nəbzin vurğuları müəyyənləşdirilir. Nəbzin vurğularında pozulmalar olarsa, qeyri-invaziv olan EKQ, EKQ-monitorinq və invaziv transezofagial EKQ, ürəkdaxili elektrofizioloji müayinələr aparılır. Aritmiya olan xəstələr sağlamlıqlarını qorumaq üçün əvvəlcə müalicə üçün həkimin göstərişlərinə əməl etməlidirlər.

Bu xəstəlik müalicə olunmazsa, hansı xəstəliklərə yol aça bilər?

Kardioloq bildirib ki, aritmiya ürək fəaliyyətinin və ya başqa orqanların funksiyalarının ağır pozulmalarına səbəb ola bilər; bu pozulmalar ürəkdöyünmə, ürək fəaliyyətində kənaraçıxmalar və ya dayanma, zəiflik, başgicəllənmə, döş qəfəsində ağrı və ya təzyiq, təngnəfəslik, bayılma ilə özünü büruzə verir: “Aritmiyalar vaxtında müalicə olunmadıqda stenokardiya tutmaları, ağciyər ödemi, trombemboliya, kəskin ürək çatışmazlığı və s. ürəyin dayanmasına səbəb ola bilər.

Aritmiyaların müalicəsində dərman terapiyası və kardiocərrahi metodlar olan radiofrekans ablasiya, elektrokardiostimulyator, kardioverter-defibrilyator qoyulması tətbiq olunur. Vaxtında həkimə müraciət etməklə, aritmiyanı müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda xəstəni cərrahi müdaxilə yolu ilə müalicə edirlər.

Aritmiyası olan xəstələrə tövsiyəm budur ki, həkimlərin göstərişlərinə əməl etsinlər, mütləq müalicəyə başlasınlar. Həmçinin, oturaq həyat tərzi keçirənlər fiziki aktivliyi artırsınlar, havada çox gəzsinlər, siqarət çəkməsinlər, alkoqollu və kofeinli içkilərdən uzaq olsunlar, sağlam qidalansınlar və hər cür stressləri azaltsınlar”.

Dİgər xəbərlər