835
11:57
29 May 2020

Pandemiyadan sonrakı səhiyyə modeli


Postpandemiya dövrünə aid siyasi, sosial və iqtisadi analizlərə, çıxış yolları haqqında təkliflərə və bunlardan doğan qərarlara son günlər dünya, eləcə də, Azərbaycan mətbuatında və televiziyasında daha çox rast gəlinməyə başlanıb. Amma Azərbaycanda yuxarıdakı mövzular qədər ciddi olan postpandemiya səhiyyəsi barədə bu günə qədər heç bir ciddi müzakirənin olmamağı diqqətimi çəkir və bu mövzuya bir daha qayıdaraq, bunun da yuxarıdakı mövzular qədər ciddi olduğunu hər kəsin nəzərinə çatdırmağı özümə borc bilirəm.

Artıq dünyanın hər yerində pandemiya ilə mübarizənin ikinci mərhələsi başlasa da, bütün mərhələlərdə bu virusla mübarizədə 3 amil əsas rol oynayır:

1. Xalqın öncədən savadı, ümumi iradəsi, maariflənməsi və məsuliyyətli olması ki, bununla da növbəti amillər olan elmə və siyasətə dəstək olmaq olur.

2. Ölkənin səhiyyəsi və akademik tibb. Burada da səhiyyə sisteminin düzgün təşkiliylə, ən son elmi biliklərlə və aparıla biləcək tədqiqatlarla xalqın sağlamlığını qorumaq və siyasi qərarların verilməsinə dəstək olmaq olar.

3. Siyasi qərarlar.

Postpandemiya dövrünü gözləmədən də artıq incələnməli olan məqam yuxarıda qeyd olunan ilk iki bənddəki amillərin dövlətə və dövlətin siyasətinə çətin pandemiya vəziyyətində nə cür dəstək olmasıdır.

Xalqın maariflənməsi və məsuliyyəti haqqında qısa da olsa, onu deyə bilərəm ki, hazırda yaşadığımız pandemiya ilə mübarizənin 2-ci mərhələsində başqa inkişaf etmiş ölkələrdəki kimi artıq yekunlaşması gərəkən maariflənmə və ictimai məsuliyyətin dərki məsələləri təəssüf ki, Azərbaycanda hələ də davam etməlidir. Təbii ki, bu da öz növbəsində siyasi qərarların vaxtında verilməsini çətinləşdirir və o qərarların məsuliyyətini daha da artırır.

Virusla mübarizənin növbəti ən vacib amili yuxarıda qeyd etdiyim ölkənin səhiyyə sistemi və tibb sahəsində olan elmi tədqiqatlardır ki, burada da təəssüf hissi ilə qeyd etməliyəm ki, milli elmimiz və səhiyyəmiz dövlətin siyasətinə kifayət qədər dəstək ola bilmədi. Nəticə etibarı ilə də dövlət bütün məsuliyyəti digər inkişaf etmiş ölkələrin təcrübəsinə baxaraq öz üzərinə götürdü.

Bütün inkişaf etmiş ölkələrdə COVID-19 ilə bağlı verilən siyasi qərarlar əsasən, ölkənin tibb elminin apardığı tədqiqatlara əsaslanaraq verilirdi ki, bu da qəbulediləndir. Çünki virusun yayılma tezliyi və bir ölkədə yaşayan risk qrupuna daxil olan xəstələrin sayı digər ölkələrdən fərqlənir ki, bu da mübarizə strategiyasını dəyişir. Bununla yanaşı, virusun ölkələrdə hansı zamandan başlamasını bilmək də virusla mübarizə taktikasını tamamən dəyişir ki, təəssüf ki, bu sahələrdə də Azərbaycanın tibb elmi dövlətin virusla mübarizə siyasətinə dəstək ola bilmədi. Tibb elmindən növbəti dəstək illər öncədən BSJ peyvəndi almış xəstələrin virusa yoluxmaları və xəstəliyi necə keçirmələri ilə bağlı məlumatlar ola bilərdi ki, təəssüf ki, bu sahədə də zamanında elmi olaraq, bir iş görülmədi və dünyanın nüfuzlu elmi jurnallarında tədqiqatlarımız çap olunmadı. Bütün bu faktlar onu göstərir ki, dövlət virusla mübarizədə bütün ağır məsuliyyəti öz üzərinə götürdü, halbuki Azərbaycanda tibbin akademik səviyyədə dövlətin virusla mübarizə siyasətinə dəstək olacaq potensialı və lazımı infrastrukturu var.

Səhiyyə sisteminin təşkilində isə deyilməli vacib məqamlardan biri artıq Azərbaycanda illərlə olan kadr çatışmazlığıdır. Belə ki, bu sahədə lazımı tibbi kadrların və elm adamlarının məqsədyönlü şəkildə hazırlanması postpandemiya dövründə səhiyyənin qarşısında duran vəzifələrdən olmalıdır. Bununla yanaşı, əhaliyə göstərilən ümumi tibbi xidmətlərin keyfiyyətinin artırılması və xüsusilə yaşlı xəstələrə düzgün tibbi xidmətin təşkili görüləcək vacib tədbirlərə aiddir. Azərbaycanda isə bu istiqamətdə görüləcək tədbirlər haqqında danışarkən, hələ pandemiyadan öncə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini xüsusən qeyd etmək lazımdır ki, onun yaradılması zamanında atılmış çox doğru addımdır. Bu qurumun şərəfli məsuliyyəti postpandemiya dövründə daha da artacaq.

Ümumilikdə qeyd etmək istəyirəm ki, Azərbaycan da digər inkişaf etməkdə olan ölkələr kimi postpandemiya dövrü üçün iqtisadi planlama ilə yanaşı, səhiyyə sistemində də tutarlı planlamalar yerinə yetirməlidir ki, bu da gələcəkdə yaşana biləcək hər hansı bir qlobal tibbi problem zamanı dövlətin üzərinə düşəcək ağır yükü azalda bilsin, məsələn, eynilə Almaniyadakı nizamlı səhiyyə sistemi kimi. Belə sistemlərin qurulması və müvafiq elm adamlarının yetişdirilməsi indiki pandemiya kimi vəziyyətlərdə dövlətin aparmaq istədiyi siyasətə birbaşa dayaq olmaq və eyni zamanda hər bir yaş qrupundan olan insanlara düzgün tibbi xidmətin təşkili deməkdir. Əks halda, əmin-amanlıq içərisində yaşayan dövlətlər qlobal tibbi problemlər zamanı həm verdikləri qərarlarla məsuliyyət yükünü, həm də bütün iqtisadi və sosial xərclərin ağırlığını birbaşa özləri daşıyacaq.

Səhiyyə sistemində tutarlı planlamaları başqa inkişaf etmiş ölkələrdə də olduğu kimi düzgün kadr seçimi ilə başlamaq lazımdır ki, bura da tibb elmi ilə məşğul olan Amerika və Avropa təcrübəsi olan gənc könüllü kadrlar cəlb olunmalıdır. Hətta başqa sahələrdə də olduğu kimi, belə gənc könüllülərin təcrübəsi müəyyən tibbi qərarların verilməsində və müvafiq mərkəzlərin qurulmasında istifadə olunmalıdır. Bu sahədə ən gözəl layihəni i isə artıq Milli Məclisdə təklif edilən könüllülər proqramı çərçivəsində etmək olar ki, gənc və kifayət qədər elmi təcrübəsi olan alimlər Milli Məclisin Səhiyyə komitəsinə könüllü olaraq cəlb olunsun.

Postpandemiya dövrü qərarlar dövrü olacaq, doğru qərarlar üçün isə bizlər çox yaxşı düşünməliyik, elə indidən.