50968
11:51
20 May 2020

Qəssabların FIRILDAĞI – köhnə əti necə təzə kimi satırlar?

“Bizə ət əsasən Bərdədən və İmişlidən gəlir. Hər gün nə qədər ət alırıq, o qədər də satırıq. Yəni səhəri günə qalmır. Karantin rejimi olsa da, qiymətlər demək olar ki dəyişmədi”.

Bunu Lent.az -ın əməkdaşına Dərnəgüldəki ət satışıyla məşğul olan Aqil deyir. Aqil 15 ilə yaxındır ki, əvvəl Yasamalda, indi isə Dərnəgüldə ət satışıyla məşğuldur. Dediyinə görə, koronovirus pandemiyasının onların alverinə heç bir təsiri olmayıb.

“Əslində qiymətlər düşməliydi. Çünki iki aydır nə restoran və kafelər, nə də şadlıq sarayları işləyir. Heç yas mərasimlərinin keçirilməsinə də icazə verilmir. Adını çəkdiyimiz bu yerlərdə ət əsas qidadır. Amma göründüyü kimi, qiymət yenə əvvəlki kimi qaldı. Buna da əsas səbəb Azərbaycanını iri ət bazarlarında mal və qoyun kəsiminin azaldılması idi. Yəni Bakıya və Sumqayıta tələb olunan qədər ət gətirilmədi. İndi kafe və restoranlar açılıb, ola bilsin, tədricən tələbat artsın”.

Aqil onu da deyir ki, iki dəfə özü İmişlidən ət gətirib.

“Yolda heç bir problemlə üzləşmədik. Çünki ərzaq mallarının daşınmasına qadağa yox idi. Ətin keyfiyyətini isə Qida Təhlükəsizliyi Agentliyi yoxlayırdı. Şükür Allaha, bu sarıdan heç bir problem yaşamadıq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Lent.az -a açıqlamasında deyir ki, karantin müddətində ətin qiyməti bahalaşıb:

“Ət bazarında daim problemlər yaşanır. Əvvəla onu bilməliyik ki, ətin təhlükəsizliyinin təmin olunması üçün heyvanların identifikasiyası aparılmalıdır. İdentifikasiya o deməkdir ki, əti yeyilən heyvanlar dünyaya gələn kimi onun qulağına “birka” vurulur. Orada nömrə olur və həmin nömrə kompüterə yüklənir. Heyvan ölərsə, məlumatlar kompüterdən silinir, yaxud kəsimə gedərsə, baytarın göstərişi ilə məlumatlar bazada əks olunur. Amma ölkəmizdə əti yeyilən heyvanların heç 0,5 faizi identifikasiya olunmayıb. Hazırda Azərbaycanda identifikasiya olunmuş ət satan müəssisələr də var. Onların satdığı ət bahadır, elitar yerlərə verilir, qablaşdırılır. Nazirlər Kabinetinin 94 saylı qərarına uyğun olaraq bükülür, üstünə tarix yazılır və s. Belə ətlər təhlükəsiz ətlərdir. Biz çalışmalıyıq ki, bir ictimai təşkilat olaraq ölkəmizdə hər yerdə heyvanların identifikasiyası keçirilsin”.

Ekspertin dediyinə görə, marketlərdə ətlər bükülməmiş, açıq satılır. Təsadüfi deyil ki, Daxili İşlər Nazirliyi neçə dəfə leş mafiyasını ifşa edib. Amma bu problem yenə yaşanır. O ki qaldı karantin rejimində ətin qiymətinə, Eyyub Hüseynov deyir ki, bahalaşma az da olsa, var.

“Ətin qiyməti təxminən 1 manat qalxıb. Dünən Bakıdan 120 km kənar məsafədə yerləşən rayonda mal ətinin 10 manata satıldığını gördüm. Təzə kəsilmiş, cavan heyvan əti. Burada isə ətin qiyməti 13 manat civarındadır. Təbii ki, bura yol xərci və s. daxildir. Amma şəhərə gətirilən ətlərin təhlükəsizliyi təmin olunmur, yəni baytarlar buna tam nəzarət edə bilmir və yaxud, etmək istəmirlər. Bəzi hallarda sadəcə bir kağız alıb doldururlar vəssalam. Qida Təhlükəsizliyi Agentliyi mümkün olanları edir. Agentliyin işinə ictimai dəstək vermək lazımdı ki, bu proses daha uğurlu olsun. Biz görürük ki, insanlar diri kəsimə üstünlük verir, gözləri ilə gördüyü kəsimdən ət alırlar. Bir sözlə, elə iş aparmaq lazımdır ki, insanların üzü küçələrdəki diri kəsimdən marketlərə doğru yönəlsin”.

İndi isə gəldik əsas məsələyə. Biz alıcılar təzə əti köhnədən necə fərqləndirək? Bunun üçün nələri bilməliyik? Qəssab Aqil deyir ki, təzə ət isti olur və rəngi olduğu kimi qalır. Əgər ətin rəngi qaralıbsa, demək, köhnə ətdir:

“Ət kəsiləndə rəngi, necə deyərlər, adamın üzünə gülür. Uzağı üç gün soyuducuda təzə saxlamaq olur. Buzxanada saxladıqda isə daha çox qalır. Əti bıçaqla ya da balta ilə kəsdikdən bir gün sonra qaralmağa başlayır. Qəssablar belə ətlərin qaralmış hissəsini bıçaqla təmizləyib, yeni kimi satırlar. Soyuducu yaxşı işləyəndə ət keyfiyyətini tez itirmir. Amma hər dəfə qapısı açıldıqda içəri dolan hava ətin qaralmasına və sulanmasına səbəb olur”.

Lamiyə Məmmədova