Sosioloq yandırılan 10 yaşlı qızdan danışdı: "Daha aqressiv, eybəcər hallara rast gələcəyik"
07 yanvar 2020 19:04 (UTC +04:00)

Sosioloq yandırılan 10 yaşlı qızdan danışdı: "Daha aqressiv, eybəcər hallara rast gələcəyik"

Sosial şəbəkələrdə, eləcə də yerli mediada Tovuz rayonu, Dondar Quşçu kəndində 10 yaşlı Quliyeva Nərmin Şərif qızının yanmış meyitinin tapılması müzakirələrə səbəb olub.

Bununla bağlı Lent.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ölkədə aqressiyanın artmasının əsas səbəbi cəmiyyətdə mənəvi dəyərlərə olan münasibətdir:

 “Mən 10 ildən artıqdır SOS siqnalı çalıram ki, lazımi tədbirlər görülməsə, əhalinin davranışında daha aqressiv, eybəcər hallara rast gələcəyik. Bu, cəmiyyətin bir qanunauyğunluğudur. Hər hansı sosial sistemdə, eləcə də ölkədə mənəvi dəyərlər öndə olanda orada cəmiyyət özü özünü tənzimləyir. Əksinə, mənəvi dəyərlər arxa plana keçdikcə, gərginlik artır, kriminal hadisələr çoxalır. Təcili elə tədbirlər görmək lazımdır ki, mənəvi dəyərlərin cəmiyyətdə oynadığı rol daha üstün olsun. Lap əvvəllər bu vəziyyəti cəmiyyətdə islam dini, sonralar isə sovet ideologiyası yaradırdı. Qloballaşmanın sürətlənməsi ilə cəmiyyət daha da mürəkkəbləşib və həssaslaşıb”.

Sosioloq qeyd edib ki, bu cür məsələlərdə bir çox məqamlara xüsusi diqqət yetirilməlidir:

“Son 2 əsrdə qərb ölkələrində formalaşan sosiologiya, sosial psixologiya, sosial idarə etmə, sosial iş və digər elmlərin imkanlarından istifadə edilərək, yeni texnologiyalar hazırlanmalıdır. Daha təcili tədbir olaraq isə ölkəmizdə mənəvi dəyərləri arxa plana sıxışdıran davranışlara (harınlıq, meşşanlıq, maddiyyatını nümayiş etdirmə, əlaqələrlə özünü üstün göstərmə halları və s.) qarşı ciddi ictimai qınaq formalaşdırmaq lazımdır. Belə adamların cəmiyyətdə üstün olduğunu qəbul etmək yox, onların gülünc adamlar olduğu fikri aparıcı rol oynamalıdır”.

Ə.Qəşəmoğlu deyib ki, insanlar öz üstünlüyünü mənəvi sahədə nümayiş etdirməlidirlər:

“Yaşlı nəslin nümayəndələrinin yadındadır: sovet dövründə insanlar öz mütaliəsi, evindəki kitabxanası, musiqi alətləri, övladlarının təhsili, əxlaqlı davranışı ilə öyünər, üstünlüklərini nümayiş etdirərdilər. Televiziyalar, ədəbiyyat, incəsənət də mənəvi dəyərləri təbliğ edərdi.

Ölkəmizdə mənəvi dəyərlərin daha üstün rol oynamasını yerli, savadlı mütəxəssislərin hazırladığı tövsiyələrə əməl etməklə təmin etmək olar”.

Xatırladaq ki, Nərmin Quliyeva ötən il noyabrın 21-də toydan çıxıb evə gedərkən itkin düşüb. Yanvarın 6-da axşam isə onun yanmış meyiti tapılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır Dinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

# 4334
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar