Həbsdə yatan, zirzəmidə can çürüdən, nəğməsi dünyanı dolaşan bəxtəvər... – HƏYAT HEKAYƏTİ
13 dekabr 2019 20:15 (UTC +04:00)

Həbsdə yatan, zirzəmidə can çürüdən, nəğməsi dünyanı dolaşan bəxtəvər... – HƏYAT HEKAYƏTİ

Bir mən idim, bir sən idin, bir də yamaclar ...

Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.

Onda ki, ağ omuzlara töküldü saçlar,

Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,

Ürəyimdə kaman kimi tellər oynadı.

Cəfər Cabbarlının sözlərinə Qəmbər Hüseynlinin bəstələdiyi “Tellər oynadı” mahnısıdır.  Sözlə musiqinin möhtəşəm tandemi. Bu sənət əsərinin yaradıcıları hər ikisi həyatdan nakam köçüb. Bunu sona saxlayıram. Hələlik onlardan birinin yaratdığı daha bir inci ilə başlamaq istəyirəm söhbətimə.

“Cücələrim” mahnısını hansımız sevməmişik?! Təkcə uşaqların deyil, böyüklərin də sevimli mahnısıdır. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi. Xüsusən Sovet dönəmində dünyanın hər yerində yayılmışdı bu mahnı. Uşaq musiqi kollektivlərinin repertuarını bəzəyirdi. Bədii və cizgi filmlərinə salınırdı. "Cücələrim" o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. "Cücələrim" dünyada geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan insanların zövqünü oxşayan az mahnılardandır. Sənətşünasların fikrincə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.

1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır.

Bir dəfə aralarında azərbaycanlılar da olan sovet kino xadimləri Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin arasında azərbaycanlıların da olduqlarını biləndə piano arxasına keçib "Cücələrim"i ifa edəndən sonra deyir: "Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!"

Həmin o bəxtəvər bəstəkarından danışacam. Qəmbər Hüseynlidən.

Təkcə “Cücələrim”in bəstəkarı deyil, yüzlərlə mahnının müəllifidir. Romans janrında yazdığı "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" indi də dillərdən düşmür. Səsi imkan verən müğənni və xanəndələrin repertuarındadır. Tale aman versəydi, bəlkə minlərlə mahnı, romans yazardı, amma həyatdan 45 yaşında köçdü. Bilmirəm, buna tale demək olarmı? Bəlkə, dövrün günahıdır, heç taleyin bir rolu yoxdur, amma elə bir dövrdə doğulmaq da taleyidir insanın.

Gəncədə 1916-cı il aprelin 16-da dəmirçi Məşədi Muxtar kişinin ikinci oğlu dünyaya gəldi. Adını Qəmbər qoydular. Qohum-əqrəbanın “adı ilə böyüsün” duası, anası Cəvahir xanımın əzizləmələri, laylaları ilə böyüdü. Gəncə o vaxt Qarabağ xanəndələrinin məskəni idi. Nizami yurdu sənət adamlarına - aşıqlara, şairlərə qucaq açmışdı, həmişəki kimi. Qəmbər uşaqlıqdan atası ilə əmisinin himayəsində bu məclislərdə iştirak edirdi. Şeirin, sənətin aşiqi olmuşdu.

6 yaşında olanda xoşbəxt, qayğısız uşaqlığı bitdi – atası rəhmətə getdi. Əmisi Xəlil nə qədər ona atasızlığını hiss etdirməməyə çalışsa da, uşaq öz taleyinin ağuşunda yaşayırdı.

Balaca Qəmbər məktəbə gedəndə iştirakçısı olduğu məclislərdən artıq Seyid Əzimi, Abbas Səhhəti, Mirzə Ələkbəri əzbər bilirdi. “Sərdar bağı” deyilən yerdə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malıbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarını o qədər canlı dinləmişdi ki, musiqiyə də sonsuz maraq yaranmışdı.

Bu maraq onun yaşı ilə artırdı, yəni artıq uşaq marağına oxşamırdı.

1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segah"ı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Qəmbər Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb, nota alırdı. Onun tara həvəsi də birdən-birə alovlanmamışdı. Əvvəlcə bəxti gətirdi musiqi məktəbində Həmzə Əliyev kimi ustad tarzən-pedaqoqdan dərs aldı. Sonra da tarda notla çalmaq bacarığı onun istedadının göstəricisi oldu. Bunu hər tar çalan bacarmaz. “Rast”ı, “Şur”u, “Zabul”u özü yazıbmış kimi ifa edirdi.

Gəncədə sonradan tanınmış aktyor Məmmədrza Şeyxzamanovun yaratdığı Dram dərnəyində M.F. Axundovun, N. B. Vəzirovun, C.Cabbarlının, Ə.Haqverdiyevin əsərləri səhnələşdirilirdi. Qəmbər Hüseynli bu tamaşaların musiqisini müşayiət edirdi.

1932-ci ildə Moskvadan Gəncəyə qastrola gələn Şərq Simfonik Orkestrinin baş tar çalanı konsert günü xəstələnir. Orkestrin rəhbəri Musiqi Texnikumun rəhbərliyinə müraciət edir. Hamının rəyi Qəmbər Hüseynli olur. Bir neçə saat ərzində orkestrdə baş tara aid olan partiyanı mükəmməl öyrənir və bacarıqla da ifa edir.

1934-cü ildə texnikumu fərqlənmə diplomu ilə bitirib Bakıya gələn Qəmbər, müəllimi Həmzə Əliyevin təklifi ilə Avropa musiqi mədəniyyətinə yiyələnməyə qərar verdi. Üzeyir bəy Hacıbəylinin o vaxt apardığı musiqi siyasəti beləydi. Tarı, kamanı, milli musiqi alətlərini öyrənən gənc istedadlar hökmən skripka, viola, violonçel, kontrabas alətlərində də ifa etməyi öyrənməli idilər. Bununla şərq musiqisi ilə Avropa musiqi mədəniyyətini əlaqəli öyrənib, bu istiqamətdə fəaliyyət göstərmək musiqinin inkişafının əsas prinsipi idi.

Ona görə də gənc tarzən Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır.

1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşadakı Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görür. İstedadlı gəncləri sənətin təhsilini almağa cəlb edir. Bakıdan peşəkarları onlarla işləməyə dəvət edir. Bu xətlə istedadlı gənclər istedadları üzrə peşəkar sənətə yiyələnirlər.

Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.
Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı və istedadı ona rahatlıq vermir. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi müəllimlərinin də diqqətini çəkdiyindən onu orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını bəstələyir.

Təhsilini isə Azərbaycanda bəstəkarlıq məktəbinin formalaşmasında əməyi olan  B.İ.Zeydamının sinfində davam etdirən Qəmbər Hüseynli ilk bəstəsindən üç il sonra  Mirmehdi Seyidzadənin librettosu əsasında “Qızıl quş” operasını yazıb.

Bununla məktəbi uğurla başa vurub. Çox mahnılar bəstələsə də mahnı janrında ilk uğuru elə “Cücələrim”lə başlayıb.


Tofiq Mütəllibov xatirələrində yazır: "Bir gün Qəmbər Hüseynli mənə zəng edib, evlərinə dəvət etdi. "Cücələrim" mahnısının melodiyasını çaldı. Dedi ki, bu musiqiyə mətn yaza bilərsənmi? Razılıq verdim. Bir neçə gündən sonra mətn hazır oldu. Onunla birlikdə mətndə bir sıra dəyişikliklər etdik. Beləliklə, məşhur "Cücələrim" meydana gəldi. O, həmişə deyərdi: "Mən əminəm ki, "Cücələrim"in səyahəti böyük olacaq". Görkəmli bəstəkar sözlərində yanılmamışdı. Əgər o, ömrü boyu "Cücələrim" mahnısından başqa heç bir əsər yazmasaydı, yenə də musiqi tarixində layiqli yer tutacaqdı. Bir əsərlə dünyada məşhurlaşmaq hər sənətkara nəsib olmur. Qəmbər Hüseynli "Cücələrim" mahnısı ilə sağlığında özünə abidə ucaltdı".

Qəmbər Hüseynlinin bəstəkarlıq yaradıcılığı Azərbaycan bəstəkarlıq məktəbinə yeniliklər gətirib. İlk uşaq mahnısı yazanlardan biridir. Həm də məhsuldar uşaq bəstəkarı. 300-dən artıq mahnısı var ki, əksəriyyəti indi də oxunur.

Nə yazıq ki, bütün bunlar onun rahat, qayğısız, həyatından xəbər vermir. Əksinə, bu yaradıcılığın arxasında stresslə, əsəblə, yanğıyla dolu həyat yolu durur.

Əhməd Cavadın və Hüseyn Cavidin başlarının üstünü repressiyanın qara buludları alanda onları müdafiə etdiyi üçün Qəmbər Hüseynli də həbs edilir. Ona da “Xalq düşməni”  damğası vurmağa çalışırlar. Amma nə “Cücələrim”, nə "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" və s mahnılarda, nə də romanslarında xalq düşməni motivləri tapa bilməyiblər. Ya da tapmaq istəməyiblər. Kim bilir? O dövrün sirləri hələ bütünlüklə açılmayıb.

Bəlli olan odur ki, Qəmbər Hüseynli həbsxanada tar düzəldir, musiqi sevənləri ətrafına toplayıb bəzilərindən tar düzəldən sənətkar, bəzilərindən xanəndə yetişdirirmiş. Yenə hərəni öz istedadına görə yönləndirirmiş. Bu, ziyalı, ustad bacarığıdır.

Görünür, adamın ziyansızlığını, sənətlə məşğul olduğunu anlayıb, onu azad edirlər, amma buna azadlıq demək olarsa...

O həbs ediləndən sonra olan-qalanları əlindən alınmış ailəsi zirzəmidə yaşayırdı. Yarıqaranlıq zirzəmidə belə, Qəmbər Hüseynli yaradıcılığından qalmır. Elə bil, ömrünün qısa olacağını bilirmiş, dayanmadan yazıb yaradırmış.

Ona yeni mənzil veriləndə artıq Qəmbər Hüseynlinin həbsxanada, zirzəmidə aldığı zərbələr öz işini görmüşdü.

1961-ci il iyulun 31-də 45 yaşında bu dünyaya əlvida deyir. Daha heç kimin onu kimisə müdafiə etməkdə, xalqa zidd olmaqda günahlandıra bilməyəcəyi yerə gedir - əbədiyyətə. Mahnıları ilə qazandığı əbədiyyətə.    

“Cücələrim”lə başlasam da onu tanıtdırmağa, qəlbimdə Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Tellər oynadı” mahnısını zümzümə edə-edə:

Endi duman örtü kimi dünya qarardı,

Ara-sıra əsən bir yel saçın darardı,

Onda ki, oynaq tellərin boynumu sardı

Çaxdı şimşək, coşdu sular, sellər oynadı,

Ürəyimdə kaman kimi tellər oynadı.

“Bəxtəvər bəstəkar”... Cavid də bəxtəvərdi, Əhməd Cavad da, sözlərinə mahnı bəstələdiyi Cabbarlı da. Ona görə ki, tək Çarli Çaplinlər deyil, çoxları dünyanın o başında onların sənətinə heyran qalıb. O sənətkarları yetişdirən xalq özü bəxtəvərdi...

Onları qoruya bilməyən xalq necə?.. 

# 22975
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar