157 döldə talassemiya şübhəsi yarandı: 38-i məhv edildi
03 dekabr 2019 10:58 (UTC +04:00)

157 döldə talassemiya şübhəsi yarandı: 38-i məhv edildi

Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var. Daşıyıcı olmaq xəstə olmaq deyil, onların sağlam insanlardan elə də fərqi yoxdur. Hazırda ölkədə 3000-dən çox irsi qan xəstəsi, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır.

Rəsmi məlumata görə, Qəbələ, Ağdaş, Göyçay, Xaçmaz, Lənkəran kimi rayonlarda talassemiya daşıyıcılarının sayı daha çoxdur.

Talassemiya xəstəliyinin artmasında daşıyıcıların ailə qurması, xəstə uşaqların dünyaya gəlməsi amili rol oynayır. Məhz bu səbəbdən artıq 2015-ci ildən nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi aparılır və bunun da nəticəsində daşıyıcı körpələrin doğulması halları azalıb.

Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva Lent.az-a bildirib ki, 2015-ci ilin ikinci yarısından bu günə kimi nikaha daxil olmaq istəyən  yarım milyondan çox insan  (616 min 76 nəfər) müayinədən keçirilib. Onların 21253 nəfərində talassemiya daşıyıcılığı aşkarlanıb.

228 cütlüyün isə hər ikisi talassemiya daşıyıcısı olub: “Hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan cütlüklər evləndikdən sonra hamiləlik dövründə bizə müraciət edirlər. Hamiləliyin 12-18-ci həftəliyində onlarda təkrar olaraq genetik müayinələr aparılır. Müayinə tarixindən bu günə kimi 157 döl yoxlanılıb. Onlardan 38 xəstə, 34 sağlam, 85 daşıyıcı aşkarlanıb. Xəstə döllər valideynin razılığından sonra abort yolu ilə götürülüb. Əvvəllər ildə 200-300 talassemiyalı uşaq doğulurdusa, bu gün həmin uşaqların sayı kifayət qədər azalıb. Məsələn, elə bölgələr var ki, erkən nikah bağlanır, yaxud nikaha daxil olmayan cütlüklər var, eləcə də  müayinələr aparılmazdan əvvəl qurulan ailələrin 3-cü, 4-cü övladlarının doğulması halları olur ki, onların övladları arasında xəstə doğulanlar olur”.

Z.Əlmirzəyevanın sözlərinə görə, digər dövlətlərin təcrübəsindən görünür ki, müayinələrin aparılması ilə xəstə doğulan insanların sayını minimuma endirmək mümkündür: “Ölkənin 8 faizi talassemiya daşıyıcısıdır. Müayinə olunmasalar, daşıyıcı olduqlarını bilmirlər. 2000-minə yaxın talassemiya xəstəsi Talassemiya Mərkəzində müalicə  alır. Hər iki valideyn daşıyıcı olduqda 25 faiz xəstə uşaqların doğulma riski var. Az hallarda olsa da, bəzi münasibətlərini rəsmilləşdirmək istəyənlər özləri könüllü şəkildə əvvəlcədən müayinələr üçün gəlirlər.  Daşıyıcı olan ailələrin yaxınları bilməlidir ki, onlar da daşıyıcılıq ola bilər və vaxtında müayinə oluna bilərlər. Daşıyıcılıq aşkarladığımız insanlarda valideynlərdən biri daşıyıcı olur”.

Z.Əlmirzəyeva onu da bildirib ki, müayinələr icbari olsa da, nəticələr şəxslərə ayrılıqda bildirilir. Onun sözlərinə görə, xəstələri arasında eləsi var ki, birinci uşağı daşıyıcı, ikinci xəstə olduğu halda, üçüncü uşaq müayinələrin vaxtında aparılması nəticəsində sağlam doğulur.

Talassemiya Mərkəzindən verilən məlumata görə, hazırda mərkəzdə və  B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda birlikdə təxminən 3500 talassemiya xəstəsi var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2306

Oxşar yazılar